Son illər sağlam qidalanmaya marağın artması ilə birlikdə ənənəvi yeməklər yenidən gündəmə gəlib. Onlardan biri də mərci şorbasıdır. Sadə hazırlanmasına baxmayaraq, mərci şorbası tərkibindəki zəngin qida maddələri ilə bir çox sağlamlıq probleminin qarşısının alınmasına kömək edir.

Foodinfo.az xəbər verir ki, mərci şorbası bitki mənşəli zülalla zəngin olduğu üçün əzələlərin qorunmasında və orqanizmin enerji ehtiyacının ödənilməsində mühüm rol oynayır. Xüsusilə ət məhsullarını az istifadə edən şəxslər üçün yaxşı alternativ hesab olunur.

Bu şorbanın tərkibində olan liflər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir və qəbizlik probleminin qarşısını alır. Eyni zamanda uzun müddət toxluq hissi yaratdığı üçün artıq çəki ilə mübarizə aparanlar tərəfindən tez-tez tövsiyə edilir.

Mərci şorbasının daha bir üstünlüyü qan şəkərinin balanslaşdırılmasına yardım etməsidir. Aşağı qlisemik indeksə malik olması diabet riski olan şəxslər üçün onu təhlükəsiz qida seçiminə çevirir. 

Bundan əlavə, tərkibindəki kalium və maqnezium ürək-damar sistemini dəstəkləyir, xolesterinin tənzimlənməsinə kömək edir.

Dəmir və fol turşusu ilə zəngin olan mərci şorbası qanazlığı probleminin qarşısının alınmasında da mühüm rol oynayır. Mütəxəssislər şorbanı limonla birlikdə qəbul etməyi tövsiyə edirlər, çünki bu zaman dəmirin orqanizm tərəfindən sorulması daha da artır.

İmmunitet sisteminin gücləndirilməsində də mərci şorbasının rolu böyükdür. B qrup vitaminləri və antioksidantlar sayəsində orqanizm infeksiyalara qarşı daha davamlı olur.

Mərci şorbası həm böyüklər, həm də uşaqlar üçün uyğun qidadır. Lakin mədə həssaslığı olan şəxslərə şorbanın yaxşı bişirilməsi və blenderdən keçirilməsi məsləhət görülür.