Səhər acqarına bir stəkan ballı ilıq su için. Bəli, düz oxudunuz. Qəhvə və çayı əvəz edə biləcəyiniz bal-su qarışığı orqanizm üçün çox faydalıdır.
Foodinfo.az-ın məlumatına görə, ballı ilıq su antiseptik, iltihabəleyhinə və laksatif xüsusiyyətlərə malikdir və sağlamlığınıza təsir edə biləcək müxtəlif xəstəliklərin qarşısını alır və onlarla mübarizə aparır.
Bal istehlakı immunitet sistemini aktivləşdirir və allergiyaya səbəb olan polen və digər ətraf mühit hissəciklərinə qarşı həssaslığı aradan qaldırır. O, bəlğəmgətiricidir və tənəffüs yollarını təmizləməyə kömək edir. İmmunitet sistemini gücləndirir. Tərkibində orqanizmin zərərli maddələrlə mübarizə aparmasına kömək edən fermentlər, vitaminlər və minerallar var. Balın antibakterial xüsusiyyətləri bədənə daxil olan və ya adi antibiotiklərə davamlı olan zərərli mikroorqanizmləri öldürə bilər.
Ballı ilıq suya bir az limon suyu əlavə etsəniz, detoks etməyə kömək edən və həzmi dəstəkləyən bir içki alacaqsınız. Bu içki ilə siz bağırsaq hərəkətini asanlaşdıracaq, qanda, qaraciyərdə və qalın bağırsaqda yığılmış toksinlərdən xilas olacaqsınız. Limonun tərkibindəki limon turşusu balın tərkibindəki fermentlərin funksiyasını artırır.
Onun tərkibindəki şəkərlər zehni və fiziki performansı yaxşılaşdıran sağlam kalori mənbəyidir. Səhər oyanmaq üçün qəhvə yerinə ballı su içsəniz, yorğun və yuxulu halınızdan dərhal qurtulacaqsınız.
İlıq su və balın sidikqovucu və antibakterial xüsusiyyətləri sidik yollarını təmizləyir və sistit kimi xəstəliklər riskindən qoruyur. Tərkibindəki vitaminlər və minerallar sayəsində bu birləşmə bədəndəki qoruyucu maddələrin artmasına və virus hücumlarından qorunmağa kömək edir.
Bu içkini gündə bir dəfə içənlərin xolesterinin səviyyəsi iki saat ərzində az qala 10% azalır. Bu, uzunmüddətli qan dövranı problemləri və ürək-damar xəstəlikləri riskini azaldır.
Bal ilə ilıq su quru tənəffüs yollarını təmizləyir və bəlğəmi çıxarır. Rahatlaşdırıcı və iltihab əleyhinə xüsusiyyətləri ilə ağciyər sağlamlığını qoruyur və boğazı qıcıqlandıran öskürək hücumlarına yaxşı təsir edir.
Balın tərkibindəki fermentlər qaraciyərin funksiyasını artırır və qidaların daha yaxşı həzmini təmin edir. Bal istehlakı bakterial floranızı qoruyur və yeməklərinizdən maksimum fayda əldə etmək üçün qida maddələrinin udulmasını asanlaşdırır.