Toyuq ətinin yuyulması qida zəhərlənməsindən qorumur, əksinə salmonella bakteriyalarına yoluxma riskini artırır.
Bu barədə “Health” jurnalı məlumat yayıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 25 paket toyuq ətindən birinin təhlükəli salmonella bakteriyası ilə çirkləndiyini təxmin edir. Onunla yoluxma dörd-yeddi gün ərzində ishal, qızdırma və qarın ağrısına səbəb ola bilir və bəzi hallarda xəstəlik həyat üçün təhlükə yaradır.
Bununla belə, çiy toyuq ətinin yuyulması nəinki infeksiya riskini azaltmır, əksinə, onu artıra bilər. Təcrübələr göstərdi ki, bu proses patogen mikrobların mətbəxdə yayılmasına səbəb olur. 26% hallarda bakteriyalar digər məhsullara, məsələn, salatlara daxil olur. Bundan əlavə, toyuğun yuyulması ətin üzərindəki bakteriyaları məhv etmir: onları yüksək temperaturda öldürmək daha effektivdir.
Toyuq yumaq vərdişi əcdadlardan miras qalmışdır: keçmişdə bunu etmək lazım idi, çünki insanlar quşları özləri kəsir və yolurdular. Ancaq mağazadan alınan qablaşdırılmış toyuq ətini yumağın mənası yoxdur.