Zəncəfil həm mətbəxdə, həm də sağlam qidalanmada geniş istifadə olunan təbii məhsullardan biridir. Xüsusilə qan dövranına müsbət təsiri ilə seçilən bu ədviyyat tromb yaranması riskinin azalmasına kömək edə bilər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, həkim Elvira Xaçirovanın sözlərinə görə, zəncəfilin tərkibində olan gingerol maddəsi trombositlərin bir-birinə yapışmasının qarşısını alaraq antitrombotik təsir göstərir. Bu xüsusiyyət zəncəfili ürək-damar sağlamlığı baxımından diqqətəlayiq edir.
Mütəxəssis bildirir ki, zəncəfilin antitrombotik təsiri bir neçə mexanizm hesabına formalaşır. Əsas təsir trombositlərin aqreqasiyasının zəiflədilməsi ilə bağlıdır. Normal halda trombositlər birləşərək tromb yarada bilir, lakin gingerol bu prosesi ləngidir və trombotik qatın azalmasına səbəb olur. Bununla yanaşı vurğulanır ki, zəncəfilin bu təsiri yalnız müntəzəm şəkildə rasiona daxil edildikdə özünü göstərir və ara-sıra istifadədən ciddi nəticə gözləmək düzgün deyil.
Eyni zamanda, zəncəfil hər kəs üçün uyğun hesab olunmur. Həkimin sözlərinə görə, qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər, hamilə qadınlar, xüsusilə hamiləliyin son dövründə olanlar və mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanlar zəncəfildən ehtiyatla istifadə etməlidir. Xroniki xəstəlikləri, o cümlədən kəskin mərhələdə olan mədə xorası olan şəxslərə də zəncəfil tövsiyə edilmir. Bu səbəbdən zəncəfili gündəlik qidalanmaya əlavə etməzdən əvvəl həkim məsləhəti vacib sayılır.






