Yaşıl zeytun Aralıq dənizi mətbəxinin sevilən təamlarından biri olmaqla yanaşı, sağlamlıq üçün də bir sıra faydaları ilə seçilir. Bu məhsul salatlara, müxtəlif yeməklərə və yüngül qəlyanaltılara xüsusi dad qatır. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, zeytun ağacı (Olea europaea) mənşəyini Suriya və Türkiyənin sahilyanı ərazilərindən götürür və Aralıq dənizi bölgəsində təxminən 5 min il əvvəl becərilməyə başlanılıb.

Yaşıl zeytunların tərkibində yağ nisbəti yüksək olsa da, bu yağlar orqanizm üçün faydalı hesab olunur. Xüsusilə alfa-linolen və linoleik yağ turşuları zərərli xolesterinin azalmasına kömək edir. Aparılan son araşdırmalar göstərib ki, linoleik turşu arterial təzyiqin aşağı salınmasında da müsbət rol oynayır.

Zeytunlar zəngin qida tərkibi ilə diqqət çəkir. Onların tərkibində flavonollar, kversetin, gall turşusu, kofe turşusu kimi güclü antioksidant maddələr mövcuddur. Bu maddələr immun sistemini gücləndirir, sərbəst radikallarla mübarizə aparır və ürək-damar sağlamlığını dəstəkləyir.

Mütəxəssislərin fikrincə, yaşıl zeytunlar iltihabəleyhinə təsirə də malikdir. Zeytun ekstraktları allergik reaksiyaların azalmasına, dəri qıcıqlanmalarının aradan qalxmasına və xroniki iltihabın zəifləməsinə kömək edə bilər. Bu səbəbdən yaşıl zeytunların ölçülü şəkildə gündəlik qidalanmaya daxil edilməsi tövsiyə olunur.