Qreyfrut suyu tərkibindəki zəngin vitamin və antioksidantlara görə sağlam içkilər sırasında yer alır.
Foodinfo.az xəbər verir ki, bu suyun mütəmadi və ölçülü istifadəsi orqanizmdə həm müsbət, həm də bəzi hallarda riskli təsirlər yaradır.
1. İmmunitet güclənir
Qreyfrut suyu yüksək miqdarda C vitamini ehtiva edir. Bu da orqanizmin infeksiyalara qarşı müqavimətini artırmağa kömək edir.
2. Həzm sistemi dəstəklənir
Tərkibində olan təbii turşular həzmi sürətləndirir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Xüsusilə səhərlər az miqdarda içildikdə iştahanı tənzimləyir.
3. Arıqlama prosesinə təsir göstərir
Qreyfrut suyu maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Bu səbəbdən pəhriz saxlayanlar arasında populyardır.
4. Ürək-damar sağlamlığına müsbət təsir edir
Araşdırmalara görə, qreyfrut xolesterinin azalmasına və damarların qorunmasına kömək edir.
Qreyfrut suyu bir çox dərmanla qarşılıqlı təsirə girə bilər. Xüsusilə, təzyiq dərmanları, xolesterin salan preparatlar, bəzi ürək və sakitləşdirici dərmanları misal göstərmək olar.
Bu qarşılıqlı təsir dərmanın təsirini ya həddindən artıq artıra, ya da azalda bilər.
Bundan əlavə, mədəsi həssas olan şəxslərdə qreyfrut suyu mədə yanması və turşuluq yarada bilər.
Mütəmadi olaraq qreyfrut suyu içmək sağlamlıq üçün faydalıdır, lakin ölçünü aşmamaq və xüsusilə dərman qəbul edən şəxslərin həkimlə məsləhətləşməsi vacibdir. 1 stəkandan artıq içilməməsini tövsiyə edilir.






