Yaz aylarında bir çox insan halsızlıq, yuxululuq və enerji çatışmazlığından şikayət edir və bunun əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, dietoloq Darya Rusakova yaz mövsümündə səhər yeməyinin xüsusilə vacib olduğunu vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, bu dövrdə orqanizmdə D vitamini, C vitamini, maqnezium və dəmir çatışmazlığı daha çox müşahidə olunur. Səhər yeməyi isə gecə istirahətindən sonra maddələr mübadiləsini aktivləşdirir və bədənə enerji verir. Bu səbəbdən səhər rasionu həm karbohidratları, həm də zülalları balanslı şəkildə əhatə etməlidir.

Faydalı seçimlər arasında göyərtili omlet və az yağlı kəsmik, kəsmikli yeməklər (məsələn, zapekanka və ya meyvəli sufle), həmçinin müxtəlif inqrediyentlərlə hazırlanan “boul” tipli yeməklər yer alır. Sıyıqlara təzə və ya dondurulmuş meyvə və giləmeyvə əlavə etmək də orqanizm üçün faydalıdır. Az hərəkətli həyat tərzi olanlara isə səhər yeməyində daha çox zülal və tərəvəzlərə üstünlük vermək tövsiyə olunur.

Dietoloq xəbərdarlıq edir ki, səhər saatlarında şəkərli içkilər, qazlı sular və konsentrat şirələrdən uzaq durmaq lazımdır. Bu cür içkilər qısa müddətli enerji versə də, tezliklə yorğunluq yaradır. Həmçinin çoxlu meyvə ilə hazırlanmış ağır smuzilər də əks təsir göstərərək süstlük və ağırlıq hissinə səbəb ola bilər.