
Yeməkləri yenidən qızdırarkən düzgün qaydalara əməl etmək həm dadın qorunması, həm də sağlamlıq üçün çox vacibdir.
Foodinfo.az xəbər verir ki, yeməklər otaq temperaturunda uzun müddət saxlanarsa və ya kifayət qədər qızdırılmazsa, zərərli bakteriyalar çoxala bilər və bu da qida zəhərlənməsinə səbəb ola bilər.
Qızdırılacaq yemək mütləq şəkildə içinə qədər tam istilənməlidir. Sadəcə üstü isinsə, içində bakteriyalar qala bilər. Bu, xüsusilə ət, toyuq, balıq, yumurta və düyü kimi tez xarab olan qidalar üçün daha önəmlidir.
Düyü və makaron kimi qidalarda Bacillus cereus bakteriyası çoxala bilər ki, bu da istiliklə tam məhv olmaya bilər. Buna görə bu tip yeməkləri soyuducuda saxladıqdan sonra maksimum bir dəfə və tam istiliklə qızdırmaq lazımdır.
Dondurulmuş yeməkləri birbaşa qızdırmaq olmaz. Əvvəlcə soyuducuda əridilməli və sonra tam istiliklə qızdırılmalıdır. Mikrodalğada qızdırırsınızsa, orta gücdə və fasilələrlə qarışdıraraq isinməsini təmin etmək lazımdır.
Eyni yeməyi təkrar-təkrar qızdırmaqdan çəkinmək vacibdir. Bu həm qidanın tərkibindəki vitamin və mineralları azaldır, həm də bakteriya riski artırır. Əgər yemək artıq bir dəfə qızdırılıbsa və yenidən artıq qalıbsa, onu saxlamaq və təkrar qızdırmaq tövsiyə olunmur.
Həmçinin qızdırmadan əvvəl qidanın görünüşü, qoxusu və dadı da diqqətlə yoxlanmalıdır. Əgər şübhəli görünürsə, yemək riskinə girməmək daha doğrudur.