"Yeni il ərəfəsində kifayət qədər çox protein qəbul etmək lazımdır". Bu sözləri açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Dietoloq sözlərinə davam edərək deyib: "Çünki protein həzm prosesini ləngidir və toxluq hissi verir. Ona görə də rasionumuza toyuq, balıq, ət məhsulları, eyni zamanda paxlalılar əlavə edə bilərik. Tərəvəz istehlakına diqqət edək. Çünki tərəvəzlər liflərlə zəngindir. Bu da bizdə toxluq hissini artırır. Həm də tərəvəzlər vitaminlərlə, minerallarla da zəngindir. Karbohidrat seçərkən diqqətli olmalıyıq, bəsit karbohidratlardan, ağ düyü, makarondan uzaq durmalıyıq. Qlisemik indeksi yüksək olduğuna görə bu kimi sadə karbohidratlardan uzaq olub əvəzinə tam taxıllı olanları seçə bilərik".
O, əlavə edib: "Sağlam yağlardan istifadə edin. Çalışın ki, salatlarınızda daha çox zeytun yağından istifadə olunsun, nəinki mayonezdən. Alkoqol qəbuluna da diqqət etmək lazımdır. Həddindən artıq spirt sağlamlığa zərərdir. Ona görə yeni il axşamı daha az spirt qəbul edin. Onun əvəzinə suyu çox içə bilərsiniz. Bol-bol su içməyi unutmayın. Həmçinin porsiyalara mütləq nəzarət edin. Qida qəbulunda porsiyaya nəzarət etmək önəmlidir. Yeməkləri yavaş-yavaş yeyin. Kiçik boşqablarda qoysanız, sizin üçün daha yaxşı olar. Qəlyanaltı seçimlərinizə də laqeyd yanaşmayın. Yeməklər arasında kiçik, sağlam qəlyanaltılar edə bilərsiniz. Məsələn, qatıq, meyvə, qoz-fındıq kimi yüngül atışdırmalar edə bilərsiniz. Bu qaydalara əməl etsəniz əmin olun ki, yeni il axşamı sizin üçün effektli olacaq, çəki almamış və sağlam şəkildə yeni təqvim ilinə qədəm qoymuş olacaqsınız. Hər kəsin bayramını təbrik edirəm". (Sia)