Həm yay, həm də payız və qış aylarında yetişən alma növləri var. Digər şirəli meyvələrdən fərqli olaraq almanı bütün ilboyu saxlayıb istifadə etmək mümkündür. Foodinfo.az xəbər verir ki, almanın ölkəmizdə olan 300-ə qədər növündən 60-ı sənaye üçün əhəmiyyətlidir.
Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra konservləşdirilmiş məhsullar–kompot, mürəbbə, povidlo, şirə və cem hazırlanır. Onun tərkibi şəkər, üzvi turşular, pektin və aşı maddələri, vitaminlər və s. zəngindir. Meyvənin tərkibində olan şəkərin əsas hissəsini təşkil edən qlükoza və fruktoza ürək-damar sistemi üçün çox faydalıdır.
Almanın qabıqlı halda yeyilməsi daha məsləhətdir. Belə ki, onun tərkibində olan əsas vitamin və minerallar qabığında toplanır. Bu meyvə tərkibindəki antioksidant sayəsində ağciyərlərin funksiyasını tənzimləyir, diabet riskini azaldır, beyni gücləndirir, qanı təmizləyir, ürəyi və dişləri qoruyur, bədəni enerji ilə təmin edir. Hər gün bir alma yemək infarkt riskini 24 faiz azaldır. Alma sakitləşdirici, yuxugətirici effektə malikdir. Onu ürək və baş ağrıları zamanı yeyəndə ağrıkəsici təsir göstərə bilər.
Meyvənin qurusu da sağlamlıq üçün çox faydalıdır. Quru alma nəfəs darlığı və ürək xəstəliklərindən qoruyur və bədəndə zərərli maddələrin xaric olunmasına kömək edir. Lifli olduğuna görə bağırsaqları təmizləyir, qaraciyər, revmatizm və şəkərli diabet zamanı da istifadə edilir. Alma qurusunun dəmləməsi ürək və həzm sistemi xəstəlikləri zamanı faydalı təsir göstərir.