Pəhriz saxlamağa və düzgün qidalanmağa qərar verən insanlar sözlərinin üstündə dayanmağa çalışsa da, nədənsə əksər hallarda alınmır. Və bu sadəcə iradə məsələsi deyil. Dünən və ya daha əvvəl dadına baxdığımız bir sıra məhsullar haqqında düşünməyə bilmirik. Onları yenidən yemək istəyi bizi heç cür rahat buraxmır. Bütün bunlarda şirniyyat yedikdən sonra bədəndə yaranan hormonlar günahkardır. Onlar bizi asılı vəziyyətə salırlar. Xoşbəxtlikdən, problemi aradan qaldırmaq olar.
Publika.az oxucuları bədəndə ciddi asılılıq yaradan məhsulların siyahısı ilə tanış edir.
Hansı qidalar narkotik qədər dəhşətlidir?
Bir pletka şokolad, bir butulka qazlı içki, yaxud da duzlu və ya yağlı məhsullar beyində dopaminin - zövq hormonunun ifraz olunmasına səbəb olur. Məhz dopamin beyindəki zövq mərkəzini stimullaşdırır və ona “Daha çox ye, daha çox iç!” əmrini verir.
Alimlər hansı məhsulların asılılıq yaratdığını müəyyənləşdiriblər. Məlum olub ki, kimyəvi əlavələrdən savayı, yemək yediyiniz zaman yaranan dad duyğusu da yemək istəyinə təsir edir. Nə qədər yeyirsinizsə, asılılıq bir o qədər güclü olur.
Pendir
Yalnız fabrikdə hazırlanmış pendir deyil, ən təbii növü də asılılıq yaradır. Tədqiqatlar göstərib ki, pendirdə olan kazein xüsusi proteindir. Mədədə parçalanır və kazomorfinlər meydana gətirir. Bu maddələr opioid təsir göstərir, toxluq hissi deyil, zövq üçün daha çox yemək istəyi yaradır. Yeri gəlmişkən, bu protein əksər süd məhsullarında olur, lakin pendirdə o qədərdir ki, asılılıq yaradır. Pendiri sevirsinizsə, imtina etməyin. Sadəcə az miqdarda yeyin, nəticədə məhsul yüksək kalorilidir.
Hisə verilmiş kolbasa
Bəzi qidalanma mütəxəssisləri bildirir ki, hisə verilmiş kolbasanın tərkibinə qatılmış kimyəvi əlavələr və nişasta asılılıq yaradır. Qida mühəndisi İvan Rıjkovun sözlərinə görə, dadı artırmaq üçün kolbasaya natrium qlutamat E621 əlavə edilə bilər. Qlutamat iştah oyadır. Odur ki, istehlakçılar nadir hallarda bir dilim kolbasa ilə qane olurlar və onu sendviçdə fəal şəkildə istifadə edirlər.
Hisə verilmiş ət məhsullarını sevirsinizsə, özünüzü bir az məhdudlaşdırmalısınız, çünki kolbasa yüksək kalorili olduğundan, bədəndə duz yığılmasına və artıq çəkiyə səbəb olur.
Dondurma
Dondurma milyonlarla insanın ən sevdiyi desertdir. Tərkibində şəkər və doymuş yağ yüksəkdir. Odur ki, asılılıq yaradır. Tərkibindəki kalsium və fosfor sümük sağlamlığına faydalı təsir göstərir və əhval-ruhiyyəni yaxşılaşdırır. Dondurma bədəndəki stress səviyyəsini aşağı salan hormon olan trombotoninin ifrazını stimullaşdırır. L-triptofansa təbii sakitləşdirici vasitədir, sinir sistemini rahatlaşdıra bilir və yuxusuzluğun öhdəsindən gəlməyə kömək edir.
Şokolad
Dişləri məhv edən, şəkərli diabetə səbəb olan digər bir təam. Ancaq çox dadlıdır! Fakt budur ki, şokolad yalnız dopamin deyil, həm də sevgi hormonu adlandırılan oksitosinin ifrazını artırır. Rifahı yaxşılaşdırır və hər dilim şokoladla təsir yalnız güclənir.
Çörək
Mağazalarda həmişə çörəyi girişin yaxınlığında yerləşdirməyə çalışırlar ki, alıcının iştahını artırsın və daha çox alsın. Təzə çörək qoxusu aktiv tüpürcəyi artırır, ağzı sulandırır. Bundan sonra iştahaaçan çörəyə qarşı çıxa bilmək çətinləşir. Və sonra qələfələrə, ayaqlara və mədəyə yığılır.
Çörəyin tərkibindəki qlutin opioid peptid olan hormon ekzorfinin ifrazına səbəb olur. Buna görə undan imtina etmək, arıqlamaq və sağlam qidaya keçmək bizim üçün çətinləşir.
Asılılıqdan necə qurtulmalı?
Zərərli məhsullardan qurtulmaq özünüzə və bədəninizə olan sevginin təzahürüdür. Şirniyyat, un və yağdan birdən-birə imtina etmək lazım deyil. Dietoloqlar ən sevdiyiniz, lakin zərərli olan qidaları tədricən aradan qaldırmağı məsləhət görürlər.
“Qida gündəliyi tərtib etmək çox kömək edir. Həftə ərzində yediyiniz hər şeyi qeyd etməlisiniz və ən çox hansı qidaları özünüzə cəlb etdiyinizi, istehlak müddətində və sonra hiss etdiklərinizi dəftərə yazın. Fiziki hiss və emosiyaları qeyd edin. Beləliklə, asılılıq yaradan məhsulların vücudunuzda necə dəyişiklik yaratdığını daha aydın görmək imkanınız olacaq.
Faydalı əvəzedicilər tapmağa çalışın. Şirniyyat yerinə meyvə, duzlu pendir yerinə tərəvəz və ya ağ yağsız ət yeyin”, - deyə dietoloq Yekaterina Zaxarova açıqlama verib.
Psixoloq Yulia Qaltçeva isə xəyal qurmağı tövsiyə edir: “Bədəninizin necə gücləndiyini, bədən quruluşunun daha incə olduğunu və beyninizin zərərli olan məcburiyyətdən necə qurtulduğunu düşünün.
Əsas odur ki, nəticəyə köklənin. Təhlükəli məhsullardan qurtulmaq yalnız sizi yaxşılaşdıracaq və özünə inamınızı artıracaq: asılılığınızı məğlub etməyi bacarsanız, demək hər şeyi edə bilərsiniz”.