Sağlam qidalanma deyildikdə çox zaman yalnız tərəvəz, meyvə və dənli məhsullar yada düşür. Lakin bəzi şirniyyatların da orqanizm üçün faydalı ola biləcəyi getdikcə daha çox sübut olunur. Xüsusilə son araşdırmalar müəyyən məhsulların bağırsaq sağlamlığına müsbət təsir etdiyini göstərir. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, tünd şokolad bu baxımdan diqqət çəkən məhsullardan biridir. Onun düzgün miqdarda istifadəsi orqanizm üçün gözlənilməz faydalar verə bilər.
Alimlər bildirirlər ki, yüksək kakao tərkibli şokolad prebiotik kimi fəaliyyət göstərə bilər. Bu isə onun bağırsaqda faydalı bakteriyaların artmasına kömək etdiyini göstərir. Qida üzrə mütəxəssislər qeyd edir ki, bu təsir xüsusilə 70–85 faiz kakao tərkibli şokoladlarda daha güclü olur. Belə məhsullar bağırsaq mikroflorasını yaxşılaşdıraraq həzm sisteminə müsbət təsir edir.
Endokrinoloq Zuxra Pavlova bildirir ki, kakao tərkibi yüksək olan şokoladlarda şəkərin miqdarı daha az olur. Onun sözlərinə görə, belə şokoladlar həm antioksidantlarla zəngindir, həm də ürək-damar sisteminin qorunmasına kömək edir. Eyni zamanda bu məhsulun müntəzəm, lakin ölçülü istifadəsi dərinin daha sağlam və gənc görünməsinə dəstək verir.
Tünd şokoladın digər üstünlüyü isə onun beyin fəaliyyətinə təsiridir. Araşdırmalar göstərir ki, bu məhsulu istehlak edən insanlar daha yaxşı konsentrasiya olur və zehni fəaliyyətləri daha aktiv olur. Bu xüsusiyyət onu yalnız dadlı deyil, həm də funksional qida məhsuluna çevirir.
Mütəxəssislər qeyd edirlər ki, şokoladın faydalarından yararlanmaq üçün miqdara diqqət yetirmək vacibdir. Gündə 1-2 kiçik parça tünd şokolad kifayət edir. Həddindən artıq istifadə isə əksinə, əlavə kalori və şəkər səbəbilə zərər verə bilər.
Sonda vurğulanır ki, düzgün seçilmiş və balanslı şəkildə istifadə olunan tünd şokolad həm bağırsaq sağlamlığını dəstəkləyə, həm də ümumi orqanizmə müsbət təsir göstərə bilər. Bu da onu gündəlik rasionda yer ala biləcək faydalı məhsullardan birinə çevirir.






