Çoxları şəkər əvəzinə balı daha faydalı hesab edir, lakin bu fərqin səbəbi heç də yalnız dadla bağlı deyil. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin Farmakologiya kafedrasının böyük müəllimi, həkim Andrey Kondraxin Gazeta.ru-ya açıqlamasında balın tərkibində bitki mənşəli polen (çiçək tozu) hissəcikləri olduğunu və bunun onu adi şəkərlə müqayisədə daha təbii və faydalı etdiyini bildirib. Mütəxəssis balın müəyyən profilaktik təsirə malik olduğunu, immun sistemini dəstəkləyə biləcəyini vurğulayıb. O qeyd edir ki, balda vitaminlər, mikroelementlər və bioaktiv maddələr az miqdarda olsa da, bu, saf şəkərdə ümumiyyətlə yoxdur.

Lakin ekspert xəbərdarlıq edir: bal möcüzəvi vasitə deyil və ona “dərman” kimi yanaşmaq düzgün deyil. Xarici mütəxəssisin sözlərinə görə, insanlar bəzən balı tam təhlükəsiz hesab edərək həddindən artıq istifadə edirlər. Kondraxin bildirir ki, bal da şəkər kimi yüksək karbohidratlı məhsuldur və həddindən artıq qəbul edildikdə qanda qlükozanın yüksəlməsinə səbəb olur. Bu isə onun bütün üstünlüklərini sıfıra endirə bilər və xüsusilə diabetə meyilli insanlarda risk yaradır.

Həkim əlavə edir ki, bal yalnız profilaktika məqsədi ilə, yəni orqanizmi dəstəkləmək üçün qəbul edilə bilər, lakin ciddi xəstəliklərin müalicəsində onu əsas vasitə kimi istifadə etmək olmaz. Onun fikrincə, balanslı qidalanma və sağlam həyat tərzi olmadan tək bir məhsulun möcüzə yaratması mümkünsüzdür. Kondraxin məsləhət görür ki, baldan istifadə etmək istəyənlər miqdara diqqət etməli, gündəlik normanı aşmamalı və mümkün allergiyanı nəzərə almalıdır. Nəticə olaraq, bal şəkərə nisbətən daha faydalıdır, lakin “çox faydalı” deyil – düzgün istifadə olunduqda sağlamlığın dostudur, həddən artıq olduqda isə təhlükəyə çevrilə bilər.