Foodinfo.az "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist. Ərşad Əzimzadənin qələmə aldığı “Bizi yaşadan da qidadır, öldürən də. Təmiz ərzağı hardan tapaq?” adlı məqaləsini təqdim edir: Ekoloji cəhədən təmiz ərzaq problemi ötən əsrdə də mövcud idi, lakin bu günkü qədər aktual deyildi. Son 20 ildə haram yolla pul qazanmaq meyli dünyada o qədər güclənib ki, pulun müti qulları sintetik materiallardan saxta ərzaq düzəltməyə başlayıb. Bu natəmiz və anti - humanist işdə Çin hamını qabaqlayıb. Dələduz işbazlar meyvələrin və tərəvəzin çəkisini artırmaq və əmtəə görkəmini gözəlləşdirmək üçün kimyəvi dərmanlardan və qeyri-üzvi gübrələrdən o qədər istifadə edirlər ki, meyvələrin və tərəvəz növlərinin dadı itir, onlar orqanizmə fayda vermək əvəzinə zərər verir. Mən isə öz kitablarımda, məqalələrimdə, şifahi söhbətlərimdə insanlara məsləhət görürəm ki, çörəyi, bişmiş xörəkləri, duza və şəkərə qoyulmuş, konservləşdirilmiş məmulatları tərgidib, çiy qidalanma üsuluna keçsinlər, mümkün qədər çox çiy meyvə və çiy tərəvəz yesinlər. Onlar da arqument gətirirlər ki, indiki meyvələr və tərəvəz dərmanlıdır, onların kodu dəyişdirilib və s. Onlar da haqlıdır, mən də haqlıyam. Ölü qidalarda zülaldan, nişastadan və şəkərdən savayı heç bir faydalı element qalmır. Bunlar isə bizə çox cüzi miqdarda lazımdır. Ən başlıcası isə ən gözəl zülal (protein), nişasta, şəkər elə bitkilətdə kifayət qədər var. Üstəlik, bitkilər bədənimizə həm də kifayət qədər vitaminlər, üzvi duzlar və digər faydalı elementlər daşıyır, bişmiş qidalarda isə bunlar olmur. Bəs biz belə bir şəraitdə necə hərəkət etməliyik ki, bədəni həm lazım olan elementlərlə təmin edək, həm də qanımızı zəhərləmiyək? Birinci növbədə, onu dərk etmək lazımdır ki, hətta, dərmanlı meyvə və tərəvəz ət xörəklərindən, çörəkdən, şokaladdan, tortdan, paxlavadan, kolbasdan, şirin çaydan və s. min qat artıq faydalıdır. Ona görə də süfrədə təbii qidalara geniş yer vermək çox vacibdir. Kimin imkanı varsa, meyvələrin və tərəvəzin şirəsini qəbul etsin. Şirələrdə dərmanların izi çox cüzi miqdarda qalır. Kənd camaatına tövsiyəm budur ki, öz torpaqlarında ekoloji cəhətdən təmiz meyvə və tərəvəz hasil edib, bütün il boyu istifadə etsinlər. Yadda saxlayın ki, qidaların şahı olan balda bizə lazım olan bütün elementlər var. Ona görə də təmiz vicdanlı arıçılarla dostluq edin və avqust ayında aylənin illik bal normasını alıb qoyun başınızın altına. İmkanı olanlar isə öz həyətində 5-6 qutu arı saxlasın Həyətdə arı ayləsinin olması - mevə ağacları üçün də yaxşıdır - çiçəklərin tozlanması yaxşı gedir. Lakin belə tədbirlər problemin tam həlli deyil. Bu taleyüklü problemi həll etməyin yeganə düzgün yolu - ümümxalq mübarizəyə hərəkatı yaratmaq, insanların sağlamlığını, ərzağın ekoloji təmizliyini qorumağa borclu olan hökumətin yaxasından tutub, onu işləməyə məcbur etməkdir, zərərli qidaların və pis vərdişlərin reklamını qadağan etmək, Milli Məclisdə “Sağlam həyat tərzi haqqında” qanun qəbul olunmasına nail olmaqdır. Ziyalılarımız öz iti qələmlərini işə salıb, natəmiz və zərərli ərzaq istehsal edən dəladuzları ümümxalq qınaq obyektinə çeverməli və onların ətrafında dözümsüzlük mühiti yaratmalıdır. Əks halda, vəziyyət günbəgün pisləşəcək, pulgir insanlar əhalini indikindən də güclü formada və daha geniş miqyasda zəhərləyəcək. Foodinfo.az