Bilavasitə siqaretdən qaynaqlandığı bilinən və sübut edilən bir xəstəlik olan Buerger xəstəliyi ayaq damarlarında qan axını dayandıraraq zamanla ağrılara səbəb olur. Müalicə gecikərsə, insan sağlamlığı üçün ciddi bir problemə səbəb ola bilər.
Buerger xəstəliyi orta və kiçik damarlarda lokallaşdırılmış, səbəbi bilinməyən, sağalma və residivlə (epizodik) irəliləyən, daha çox gənclərdə müşahidə olunan, tıkayıcı, qeyri-septik, iltihablı bir xəstəlikdir. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, bu xəstəlik immunitet sistemindəki anormallıqlar səbəbindən immunoloji damar iltihabıdır. Tibbdə tromboangiitis obliterans xalq arasında "budama" (spontan amputasiya) xəstəliyi kimi tanınır.
Foodinfo.az-ın məlumatına görə, Buerger xəstəliyi qol və ayaqlarda arteriya və venaların nadir rastlanan xəstəliyidir. Tromboangiitis obliterans olaraq da adlandırılan Buerger xəstəliyində qan damarları iltihablanır, şişir və qan laxtaları (tromblar) ilə bloklanır.
Bu xəstəliyin dəqiq səbəbi məlum deyil. Bununla belə, tütün istifadəsi Buerger xəstəliyinin inkişafında açıq şəkildə rol oynayır. Güman edilir ki, tütünün tərkibindəki kimyəvi maddələr qan damarlarının selikli qişasını qıcıqlandıraraq onların şişməsinə səbəb olur.
1. Xəstəliyin aktiv olduğu dövrlərdə müvafiq damar nahiyəsi həssas və ağrılı olur.
2. Xəstədə ümumi halsızlıq və qızdırma baş verir. Barmaqlarda soyuqluq və uyuşma əmələ gəlir.
3. Bəzən ilk əlamət tərləmənin itməsi deyil, yeriyərkən ayaqlarda uyuşmadır. Çox vaxt damarlarda dolğunluğun azalması nəzərə çarpır.
4. Zamanla yerimə zamanı axsaqlıq yarana bilər. Baldır nahiyəsində ağrı adətən fərqləndirici xüsusiyyətdir.
5. Xəstəlik irəlilədikcə ayaqlarda göyərmələr başlayır. Daha sonra gecə artan ağrı ilə birlikdə barmaqlarda yaralar görünür.
6. Müalicə olunmazsa, qanqrena əmələ gəlir və insan barmaqlarından başlayaraq yuxarıya doğru irəliləyən əzalar itirilə bilər.
Bu xəstəlik ən çox 25-40 yaş arası siqaret çəkən kişilər arasında rast gəlinir. Qadınlarda baş vermə ehtimalı 2% -dir.
Ən əhəmiyyətli səbəb siqaret çəkənlərdə nikotinin metaboliti olan kotinin (nikotinin bədənə daxil olduqdan sonra çevrildiyi maddə) tərəfindən tətiklənən damar divarına bədənin həddindən artıq həssaslığıdır. Yüksək homosistein səviyyəsinə görə sərbəst oksigen radikallarının artması da damar divarlarını həssaslaşdırır və reaksiyaya başlaya bilər. Bundan əlavə, tez-tez soyuqdəymə, aşağı sosial-iqtisadi vəziyyət, qidalanma, hepatit B sarılığı, yüksək fibrinogen və laxtalanma meyli də səbəblər arasında sayıla bilər.