Həbs olunduğu üçün bir neçə il sənətdən uzaq düşən Türkiyənin tanınmış müğənnisi Dəniz Səki artıq çəkilərdən xilas olmaq üçün mədə kiçiltmə əməliyyatı keçirib. Bu barədə ifaçının özü açıqlama verib. 2017-ci ildə azadlığa çıxan müğənni xeyli kökələrək 90 kilo olmuşdu. Təbii ki, Dəniz Səki mədəsini kiçildən ilk məşhur deyil. Son illər hansısa tanınmış şəxslərin, hətta sadə insanların belə mədə kiçiltmə əməliyyatı keçirməsi barədə məlumatlara tez- tez rast gəlirik. Sosial şəbəkələrdə bu cür əməliyyatlardan sonra çəki atanların paylaşdıqları şəkillər, məşhur simaların bu yolla arıqlaması digər kök insanları da bu üsulla artıq çəkidən qurtulmağa həvəsləndirir. Hətta bəzən çox çəkisi olmayanlar da kökəlməmək üçün bu cür əməliyyat etdirmək istədiklərini deyirlər. Halbuki mədə bütün orqanizmi qida ilə təmin edən bir orqandır və həssas yanaşma tələb edir. Həkimlər isə mədə kiçiltmə ilə arıqlamağın mümkün olduğunu və bunun təcrübədən keçmiş nümunələrinin çox olduğunu deyir. Maraqlıdır, mədə rezeksiyası insanın sağlamlığına nə kimi təsir göstərə bilər? Sonradan xəstənin əvvəlki çəkiyə qayıtmamasına zəmanət verilirmi? Bəziləri bunu sağlamlıq üçün etdiyini iddia edir. Tibbi cəhətdən hansı hallarda bu əməliyyat edilə bilər? Qeyd edək ki, mədə kiçiltmə əməliyyatı bariatik cərrahiyyəsində xüsusilə son illərdə artan üsullardan biridir. Bu əməliyyatda mədə həcmini daraltmaq üçün mədənin təxminən üçdə ikisi şaquli olaraq kəsilib çıxarılır. Bədən çəkisinin itirilməsi məqsədilə son vaxtlar mədə rezeksiyalarının artmasını təsdiq edən tibb elmləri namizədi, professor Adil Qeybulla deyib ki, həm mədə borusunun, həm də bağırsaqların kiçildilməsi xəstələrdə doyma hissinin bərpasına hesablanıb: "Yüzdən artıq çəkisi olan insanlarda adətən doyma hissi itir və onlar bütün günü qida qəbul edirlər. Nəzarətsiz bir sistem yaranır və insan bundan heç cür xilas ola bilmir. Belə insanların iradəsi iştahları qarşısında çox aciz olur. Bu isə insan sağlamlığı üçün çox təhlükəlidir. Artıq çəkidən əziyyət çəkən və bu səbəbdən psixoloji gərginlik yaşayan insanlar var. Əgər artıq çəkidən əziyyət çəkən hansısa bir insan dəfələrlə dietoloqun yanında olub, arıqlamaq üçün digər vasitələrdən istifadə edib və heç bir nəticə əldə etməyibsə, hər hansı xəstəliklərin yaranma riski varsa, bu halda mədə kiçiltmə əməliyyatı göstəriş ola bilər. İştahın azaldılması, mədəyə xüsusi aparatın qoyulması və hansısa dərmanların istifadəsi effekt vermədiyi təqdirdə bu əməliyyat məqsədəuyğundur. Ola bilsin ki, gələcəkdə hansısa bir dərman preparatı ilə mədəni kiçiltmək, doyma hissini bərpa etmək mümkün olacaq. Ancaq bu gün mədə əməliyyatı ən effektiv üsuldur. Əməliyyatdan sonra mədənin böyük əyriliyi boru şəklində kəsilərək kiçildilir və xəstələr müəyyən dozadan artıq qida qəbul edə bilmirlər. Bu da öz növbəsində depolardan piyin mobilizasiyasına və bədən çəkisinin azaldılmasına gətirib çıxarır. Sonrakı mərhələdə isə dəri sallanmasının qarşısını almaq üçün həmin xəstə idmanla məşğul olur və yaxud digər korreksiyaedici əməliyyatlar keçirərək normal həyata qayıdır. Nəzərə almalıyıq ki, artıq çəki ürəyə də ziyandır. Köklük insanların həyat və əmək fəaliyyətini məhdudlaşdırır, yaşam keyfiyyətini aşağı salır. Bu mənada mədə əməliyyatını uğurlu variant hesab edirəm”. Rezeksiya olunan mədənin sonradan böyüyüb-böyüməməsi ilə bağlı suala cavab verən ekspert belə bir ehtimalın istisna olmadığını deyib. Onun sözlərinə görə, əməliyyat keçirən adamlar rejim gözləməsə, qida qəbulunu müəyyən olunan həddən artıq qəbul etsə, həmin insanlarda yenidən artıq çəki problemi üzə çıxa bilər. Yəni əməliyyat zamanı kiçilən boruşəkilli mədə yenidən böyüyə bilir. Mədəsi rezeksiya olunan insan daimi olaraq özünü nəzarətdə saxlamalıdır. A.Qeybullanın sözlərinə görə, mədəsi kiçilən insanlar ilk dövrlərdə ağır xəstəliyə düçar olan biri kimi görünsə də, zamanla bu problem aradan qalxır. Bir müddət bədəndə mineralların və vitaminlərin çatışmazlığı dərinin görünüşündə xoşagəlməzlik yaradır. Amma bir müddətdən sonra müxtəlif dərman preparatları və mineralların qəbulu nəticəsində dəri əvvəlki təravətini bərpa edir. Mədə əməliyyatı keçirən insanların sonradan ağır xəstəliyə tutulması riskinə gəldikdə isə tibb eksperti deyib ki, bu, insan orqanizmindən asılı olan bir şeydir: "İstənilən əməliyyatda risk var. Eynilə də mədə rezeksiyası zamanı xəstənin vəziyyəti anidən pisləşə, mədənin tikişləri tutmaya bilər. Bütün bunlar əməliyyatdan öncə xəstəyə izah olunur. Lakin xəstə rejimə düzgün riayət etsə, hər şey öz qaydasına düşür. Mədə rezeksiyasını biz də etmişik və normal da keçib. Hazırda da həmin insanların səhhətində heç bir problem yoxdur”. Həkimin sözlərinə görə, xəstənin iradəsi olmadan onun üzərində hər hansı cərrahi əməliyyat aparmaq tibbi baxımdan düzgün deyil. "Azərbaycan Uşaqları İctimai Birliyi”nin sədri Kəmalə Ağazadə bir neçə il əvvəl mədəsini kiçildib. Mövzu ilə bağlı onun da fikirlərini öyrəndik. Kəmalə xanım "Şərq”ə açıqlamasında bu əməliyyatı səhhətində yaranan problemlər səbəbindən etdirdiyini deyib: "2 ildən artıqdır ki, əməliyyat olunmuşam və şükürlər olsun ki, səhhətimdə heç bir problem qalmayıb. Düzdür, əməliyyatdan sonra adaptasiya olunmaq üçün insanın psixoloji durumu çox vacibdir. Mən pozitiv insanam. İlk günlər çətinlik çəkirdim. Ancaq inanırdım ki, müvəqqəti çətinliklər bir müddətdən sonra aradan qalxacaq. Problemlərə görə əməliyyata gedirdim. Əlbəttə ki, müayinələrimin nəticəsinə baxdıqda ilk sualım həkimə o oldu ki, bu vəziyyətdə əməliyyat edəcəksiniz? Həkimim bildirdi ki, elə bu vəziyyətdə eləməliyik ki, daha kritik duruma düşməyəsiniz. Əlbəttə ki, əməliyyat öncəsi bəzi hazırlıq müalicəsi aldım. İlk 1 ay müddətində bəzi qıcıqlandırıcı qidalara məhdudiyyət qoyuldu. Ancaq hazırda hər bir qidadan istifadə edirəm. Bariatrik əməliyyat individualdır. Ola bilsin ki, insanın çəkisi çox ola bilər, ancaq bu əməliyyatı həkimlər məsləhət görməzlər. Mən son illər şəkərli diabetdən əziyyət çəkirdim. Metobolizmaya düçar olmuşdum. İndi isə bu bəlalardan çox uzağam. Mənim kimi əziyyət çəkən insanlara sağlamlıq arzulayıram”. Psixoloq Orxan Oruc deyir ki, bu tip əməliyyatlardan həm əvvəl, həm də sonra müəyyən psixoloji iş aparılmalıdır. Əməliyyat olunmamışdan öncə həmin şəxsə onun orqanizmində baş verəcək dəyişikliklər və bu dəyişikliklərin təsiri ilə yaranan psixoloji nüanslar izah olunmalı və beləliklə, əməliyyata psixoloji hazırlıq işi təşkil olunmalıdır: "Bu cür əməliyyatların insan psixikasına iki formada təsirini nəzərdən keçirə bilərik. Mədənin kiçildilməsi əməliyyatına girən şəxslər adətən piylənmədən əziyyət çəkən şəxslər olurlar ki, həmin piylənmə orqanizmdə müəyyən problemlərin yaranmasına və həmin şəxsdə müəyyən komplekslərin formalaşmasına, özünəinam hissinin zəifləməsinə səbəb olur. Elə buna görə də mədə kiçiltməsi həmin şəxslərdə bu kimi komplekslərin aradan qalxmasına, özünəinam hissinin bərpasına və orqanizmdə olan problemlərin azalmasına səbəb olur. Yəni qısa şəkildə desək, insan özünü xoşbəxt hiss etməyə başlayır”. Psixoloq bildirdi ki, mədənin həcminin azalması qəbul edilən qidanın da miqdarını azaldır. Bu da ayrı-ayrı orqanların vərdiş etdiyi tələbatın tam ödənilməməsi deməkdir: "Orqanların tələbatının yeni mədənin tutumuna uyğunlaşması bir müddət davam edir və bu da öz növbəsində psixikada müəyyən gərginliklərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, qidalanma vərdişinin dəyişməsi, sürətli arıqlamağa uyğunlaşma, ətrafdakı insanların reaksiyaları bir müddət adaptasiya çətinliyi yarada bilər”. (Sherg.az)