
Tanınmış dietoloq Mariyat Muxina yay aylarında yağlı və qızardılmış yeməklərin qəbulu ilə bağlı xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, bu cür qidalar orqanizmdə həzm üçün daha çox enerji sərf olunmasına səbəb olur, bu isə bədənin əlavə qızmasına gətirib çıxarır.
Foodinfo.az xəbər verir ki, Muxina Life.ru-ya müsahibəsində izah edib ki, yağlı yeməklərin parçalanması üçün mədə və mədəaltı vəzi daha çox ferment ifraz etməlidir. Bu da xüsusilə isti havalarda termorequlyasiya sisteminə əlavə yük yaradır.
Bundan əlavə, o, spirtli içkilər, kofe və enerji içkilərinin də yayda sağlamlıq üçün kontrendikə olduğunu bildirib. Onun sözlərinə görə, bu içkilər susuzlaşmanı artırır, ürək-damar sisteminə və beynə mənfi təsir göstərir.
Muxina xəbərdarlıq edir ki, isti havada baş verən taxikardiya (ürəkdöyünmə) kofeinlə daha da şiddətlənə bilər. “Kofein simpatoadrenal sistemə təsir göstərərək ürək döyüntüsünü artırır və bu, isti hava ilə birləşdikdə ciddi narahatlıqlara səbəb ola bilər”, – deyə ekspert əlavə edib.
Ona görə də, yayda daha çox yüngül, sulu və təbii qidalara üstünlük verilməsi, orqanizmin temperatur tarazlığını qorumaq üçün vacib sayılır.