
Roskaçestvo Funksional Qidalanma Kompetensiya Mərkəzinin rəhbəri Məryəm Davlekamova uzunmüddətli yorğunluq və enerjisizlik hallarında düzgün pəhrizin əhəmiyyətini vurğulayıb. Foodinfo.az xəbər verir ki, RT-yə verdiyi açıqlamada o, yorğunluğa qarşı mübarizədə müəyyən qida məhsullarının xüsusi rol oynadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, belə vəziyyətlərdə qidalanmanın əsasını kompleks karbohidratlar təşkil etməlidir. “Qarabaşaq, yulaf ezmesi, quinoa, şirin kartof, çuğundur və balqabaq kimi məhsullar enerjini tədricən və davamlı şəkildə orqanizmə ötürür. Bu məhsullar həmçinin B qrupu vitaminləri və mikroelementlərlə zəngindir ki, bu da sinir sistemini gücləndirir və stresə davamlılığı artırır”, – deyə o qeyd edib.
Davlekamova həmçinin zülal qəbulunun artırılmasını tövsiyə edib. Onun fikrincə, zülallar termorequlyasiya, əzələ funksiyası və immun sistemin qorunmasında mühüm rol oynayır.
Ekspert əlavə edib ki, sağlam yağlar da bədənin enerji balansı üçün az qala zülal qədər vacibdir. Bu baxımdan avokado, qoz-fındıq, kətan və çia toxumları, eyni zamanda təmizlənməmiş soyuq sıxma bitki yağları xüsusi önəm daşıyır. Onlar hormonal tarazlığın qorunmasına, yağda həll olan vitaminlərin mənimsənilməsinə və uzun müddətli toxluq hissinin təmin edilməsinə kömək edir.