
“SberZdorovye” tibb şirkətinin ümumi praktikantı Anastasiya Ağayeva isti yay günlərində ədviyyatlı və yağlı yeməklərin orqanizm üçün zərərli ola biləcəyini açıqlayıb. Mütəxəssis bildirib ki, bu cür qidalar həddindən artıq tər ifrazına, nəticədə isə susuzlaşmaya səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, "İzvestiya" qəzetinə danışan həkim vurğulayıb ki, yay aylarında mədə-bağırsaq traktına əlavə yük gətirən qızardılmış və yağlı qidalardan da uzaq durmaq məsləhətdir.
Ağayevanın sözlərinə görə, şirin qazlı içkilər də ciddi sağlamlıq problemi yarada bilər. Bu içkilər qanda şəkəri sürətlə yüksəldir, piylənməyə səbəb ola bilir və tər vasitəsilə daha çox su itkisini artıraraq orqanizmin susuz qalmasına gətirib çıxarır.
Mütəxəssis isti havalarda adi içməli suya üstünlük verməyi tövsiyə edir. Alternativ olaraq mineral su, şəkərsiz bitki çayları, nanə və limonla hazırlanmış ev içkiləri, eləcə də kefir kimi maye qidaların seçilməsi daha sağlam hesab olunur.
Həkim Ağayeva bildirib ki, yay mövsümündə düzgün qidalanma və maye balansının qorunması istilik zərbəsi, susuzlaşma və ümumi halsızlıq riskini azaldır.