Tanınmış diyetoloq və elmi redaktor İrina Popkova günəbaxan yağında qızartmanın sağlamlığa zərərli olması ilə bağlı yayılmış fikirlərin doğru olmadığını deyib.

Foodinfo.az bildirir ki, Gazeta.Ru portalına danışan ekspert bildirib ki, düzgün istifadə olunduqda günəbaxan yağı zeytun yağından daha stabil və faydalı ola bilər.

Popkovanın sözlərinə görə, günəbaxan yağının tüstülənmə nöqtəsi təmizlənməmiş zeytun yağından daha yüksəkdir. Bu da onun istiliyə qarşı daha dayanıqlı olmasını təmin edir. “Əsas qayda odur ki, yeməkləri çox qızdırmamaq və yağın tüstülənməsinə imkan verməmək lazımdır,” – deyə o vurğulayıb.

Mütəxəssis izah edir ki, istənilən yağ növü həddindən artıq qızdırıldıqda zərərli trans yağlara çevrilə bilər. Bu səbəbdən o, xüsusilə qızartma üçün təmizlənmiş (rafinə olunmuş) yağlardan, salatlar üçün isə təbii və təmizlənməmiş yağlardan istifadəni tövsiyə edir.

Popkova həmçinin müxtəlif yağların – məsələn, zeytun, günəbaxan və kətan yağının – birgə istifadəsinin orqanizm üçün optimal yağ turşuları balansı yaratdığını bildirib. Yağların düzgün saxlanması da vacibdir: onlar işıqdan, istidən və havadan qorunan qapalı qablarda saxlanmalıdır.