
Dil üzərində ağ örtüyün yaranması bir çox fərqli səbəbdən qaynaqlana bilər. Bu, bəzən zərərsiz ola bilsə də, bəzən də sağlamlıq problemlərinin əlaməti ola bilər.
Foodinfo.az bu halın ən geniş yayılmış səbəblərini təqdim edir:
1. Zəif ağız gigiyenası
Bu ən çox rast gəlinən səbəbdir. Dilin mütəmadi təmizlənməməsi nəticəsində bakteriyalar, ölü hüceyrələr və qida qalıqları dil üzərində toplanaraq ağ təbəqə əmələ gətirir.
2. Göbələk infeksiyası (Kandidoz)
Ağız içində göbələk çoxaldıqda dil və damaqda süd kimi ağ, qalın ləkələr yaranır. Bu vəziyyət immun sistemi zəif olan insanlarda daha çox görülür.
3. Susuz qalmaq və ağız quruluğu
Kifayət qədər su içməmək və ağızda tüpürcək ifrazının azalması bakteriyaların artmasına və dilin ağarmasına səbəb ola bilər.
4. Siqaret və spirtli içki istifadəsi
Tütün və spirt ağız mukozasına zərər verə və dilin üst qatında dəyişikliklərə səbəb olur. Bu da dilin ağ görünməsinə yol açır.
5. Dildə yaranan iltihab (Glossit)
Bəzi hallarda iltihab səbəbilə dilin üstü ağ və ya solğun görünə bilər. Vitamin çatışmazlığı (xüsusilə B12 və dəmir), allergiya və ya kimyəvi maddələrə məruz qalmaq bu vəziyyəti yarada bilər.
6. Ağız içi xoraları və ya zədələnmələr
Dil zədələndikdə və ya diş protezi kimi əşyalar dilə təzyiq etdikdə həmin sahədə örtük və rəng dəyişiklikləri ola bilər.
7. Mədə-bağırsaq problemləri
Bəzən dilin ağarması həzm sistemi pozğunluqları, xüsusilə reflü, qastrit və ya bağırsaq florasının pozulması ilə əlaqəli olur.
8. Antibiotik və dərman istifadəsi
Uzunmüddətli antibiotik istifadəsi ağız florasını dəyişdirərək göbələk infeksiyasına şərait yaradır.
Bəs, bu durumdan necə xilas olmaq olar?
- Gündəlik ağız gigiyenasına diqqət yetirmək
- Bol su içmək
- Siqaret və alkoqoldan uzaq durmaq
- Ağız gargaraları və duzlu su ilə qarqara etmək
- Probiyotiklərlə zəngin qidalar istifadə etmək (kefir, qatıq və s.)