Hazırda Azərbaycanda halal turizm standartlarının hazırlanması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlər aparılır.
Bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Şöbə müdiri qeyd edib ki, belə standartların olması çox lazımdır: "Biz görürük ki, müsəlman ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ilbəil artır. Ona görə də halal turizm standartlarının yaradılması vacibdir".
Lakin nazirlik rəsmisi bu standartarın nə vaxt hazırlanıb tətbiq ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, Azərbaycanda halal turizm standartlarının hazırlanacağı ilə bağlı fikirlər bir ildən çoxdur ki, səslənir. Rəsmilər belə zərurətin Azərbaycana son illər xüsusən ərəb ölkələrindən olan turistlərin kütləvi axınından sonra ortaya çıxdığını deyirlər.
Xatırladaq ki, dünyada qəbul edilmiş halal turizm standartlarına əyləncə mərkəzlərində xanımlar və bəylərə fərqli xidmətlərin göstərilməsi, yeməklərin tərkibinə donuz ətinin daxil edilməməsi, hamam, tualet otaqlarına qoyulan normalar gözlənilməsi, kişi və qadınlar üçün ayrıca su hovuzlarının olmalı, açıq və ya qapalı üzmə hovuzları yeganə olduqda kişi-qadın növbəsi müəyyən edilməsi, 6 yaşdan yuxarı uşaqların cinsi fərqliliyinə riayət edilməsi, masaj otaqlarında kişilərə kişinin, qadınlara qadının xidmət göstərməsi və s. tələblər daxildir.
A.İsmiyev əlavə edib ki, Azərbaycana turistlərin cəlb edilməsi baxımından daha çox üstünlük ərəb ölkələrinə verilir: "Biz əsasən Fars körfəzi ölkələrindən gələnlərə üstünlük veririr. Biz bilirik ki, bu ölkələrin vətəndaşları daha varlıdırlar və gəzməyi də çox sevirlər. Mən özüm də onlarla dəfələrlə görüşmüşəm. Onlar deyirlər ki, Azərbaycandan çox razıdırlar. Bəziləri 2, hətta 3-cü dəfə gəlirlər, özü də ailələri, uşzaqları ilə, böyük tərkibdə. Ona görə də hesab edirəm ki, ərəb turistləri bizim üçün sərfəlidir".
Nazirlik rəsmisi onu da bildirib ki, turistlərin sayının getdikcə artdığını nəzərə alaraq, ölkədə otellərin tikintisi işləri davam etdirilir. Xüsusən, 2 və 3 ulduzlu otellərin tikilməsi məqsədəuyğun hesab edilir: "Ümumiyyətlə, ölkədə hər il 30-35, o cümlədən, Bakıda xeyli otellər tikilir. Bundan başqa hostellər, apartamentlər də fəaliyyət göstərir. Mənə belə gəlir ki, Azərbaycanda 2020-ci il ildə futbol üzrə Avropa çempionatının qrup oyunlarının keçiriləcəyi vaxtadək xeyli otellər tikiləcək və azarkeşlərin qəbulu ilə bağlı heç bir problem olmayacaq". (Milli.az)