Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) standartların müəyyənləşdirilməsi üzrə mütəxəssisi Artur Şamilov Azərbaycan Qida Təhlükəsizliyi İnstitututunda (AQTİ) olub.
Foodinfo.az xəbər verir ki, qonağa AQTİ-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də, İnstitutun nəzdindəki laboratoriyaların iş prinsipi, maddi-texniki bazası, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Görüşdə, həmçinin bitki sağlamlığına dair elmi-nəzəri yeniliklərin, bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması istiqamətində effektiv fitosanitar tədbirlərin tətbiqi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. IPPC mütəxəssisinə, həmçinin laboratoriyalarda qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən sınaqlar barədə də məlumat verilib.
Daha sonra A.Şamilov AQTİ-nin nəzdindəki laboratoriyaların iş prinsipi ilə tanış olub, müxtəlif sınaqların aparıldığı otaqlara baxış keçirib və müayinə prosesini yaxından izləyib.
Qeyd edək ki, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının VI konfransında qəbul olunub. Azərbaycan 14 mart 2000-ci il tarixindən etibarən bu konvensiyaya qoşulub.