İranda koronavirusun yayılması alkoqollu içkilərə tələbatı artırıb. Ölkədə alkoqollu içkilərin istehsalı, istifadəsi və idxalı qanunla qadağandır ki, bu da qaçaqmalçılar üçün gəlir mənbəyinə çevrilib. Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, koronavirusdan qorunmaq məqsədilə qaçaqmalçılıq yolu ilə gətirilən alkoqollu içkilərdən istifadə edərək, ölənlərin sayı demək olar ki, bu virusdan ölənlərin sayına bərabərdir. Ötən gün Tehran yaxınlığındakı Alborz vilayətində saxta spirtdən hazırlanmış araq qəbul edən 7 nəfər həyatını itirib. Bundan başqa, Xuzistan vilayətində metanol spirtindən istehsal olunmuş araq içən 170 nəfərin vəziyyəti pisləşib və onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 36 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yerli mətbuatın yazdığına görə, əhalinin koronavirusdan qorunmaq haqda məlumatları olmadığı üçün spirtli içkilərdən kortəbii şəkildə istifadə edirlər ki, bu da son nəticədə ölümlə nəticələnir. Həkimlər bildirirlər ki, koronavirusa yoluxanları müalicə etmək mümkündür. Lakin saxta spirtdən zəhərlənənlərin həyatını xilas etmək mümkün olmur.