Astma xəstəliyi bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Təngnəfəslik, tutma şəkilli öskürək, fit verici xırıltı, döş qəfəsində ağrı ilə xarakterizə olunur. Xəstəliyin kəskinləşməsinə səbəb allergenlərdir. Onlar orqanizmə daxil olduqda bronxial astmanın tutmasına səbəb olurlar.

Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin pediatr-allerqoloqu, tibb elmlər namizədi, dosent Tahirə Pənahova deyib.

Allerqoloq qeyd edib ki, allergenlər məişət (ev tozu), epidermal (heyvan tükləri), qida və polenlər olmaqla bir neçə qrupa bölünür. Təkan verici bəzi faktorlar astmanın yaranmasına və ya ağırlaşmasına səbəb ola bilər. Həmin faktorlara respirator virus infeksiyalar, siqaret tüstüsü, kimyəvi materialların yandırılması, təmizləyici məhsulların qoxusu, tullantı qazlar, bəzi kosmetika məhsulları daxildir.

T.Pənahova astmanın allergik və qeyri-allergik olduğunu qeyd edib: “Uşaqlarda daha çox allergik, böyüklərdə isə qeyri-allergik xarakterli astmaya rast gəlinir. Ailədə valideynlərin biri həmin xəstəlikdən əziyyət çəkirsə - 25 faiz hallarda, hər iki valideyndə müşahidə edilirsə - 50 faiz halda uşaqlarda astma xəstəliyi olur.

Yaz mövsümündə astmanın kəskinləşməsi dövrü başlayır. Həmin aylarda xəstələr mütəxəssisə müraciət etməli, öz vəziyyətlərinə daha ciddi yanaşmalıdırlar. Bəzən allergiyanın kəskinləşməsinin qarşısını almaq üçün öncədən dərman preparatları tövsiyə edilir. Çiçəklənən ağacların tozcuqları səbəbindən bir çox xəstədə ağırlaşma mart ayından avqusta qədər davam edir. Onlar dərman preparatlarını vaxtlı-vaxtında qəbul etməli, çiçəklənən ağaclardan uzaq olmalıdır. Yaz aylarında gün eynəklərindən istifadə etmək və burunun selikli qışasını tez-tez su ilə təmizləmək məqsədəuyğundur”.

Allerqoloq qeyd edib ki, ağırlaşmalar daha çox kəskin respirator virus infeksiyası səbəbindən ola bilər. Buna görə, astma xəstələri özlərini qorumaq üçün ünsiyyəti azaltmalı, mütəmadi olaraq mütəxəssisə müraciət etməlidir. Müalicə davamlı aparılarsa xəstələrdə ağırlaşmalar müşahidə olunmur.