
Qan azlığı, yəni anemiya dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən biridir və onunla mübarizədə qidalanma böyük əhəmiyyət kəsb edir.
Foodinfo.az bildirir ki, dəmir, fol turşusu və B12 vitamini ilə zəngin qidalar bu xəstəliyin qarşısının alınması və müalicəsində əsas rol oynayır. Xüsusilə qırmızı ət, xüsusən mal və dana qaraciyəri yüksək bioloji dəyərə malik dəmir qaynağı kimi tanınır və qanın tərkibindəki hemoglobin səviyyəsinin artmasına kömək edir.
İspanaq kimi yaşıl yarpaqlı tərəvəzlər isə həm də C vitamini ehtiva etdiyindən dəmirin orqanizm tərəfindən daha yaxşı sorulmasını təmin edir. Yumurtanın sarısı B12 vitaminini zənginləşdirir və qan hüceyrələrinin formalaşmasına dəstək olur.
Noxud və mərcimək isə vegeterianlar üçün vacib dəmir və zülal mənbəyidir. Quru meyvələr, xüsusilə qaysı və kişmiş, dəmir və antioksidant baxımından zəngin olmaqla yanaşı, qan dövranını yaxşılaşdırır. Nar suyu hemoglobinin artmasına müsbət təsir göstərir və ürəyin fəaliyyətini dəstəkləyir. Balqabaq tumları isə maqnezium və dəmir baxımından əvəzsiz qida mənbəyidir. Qara şokoladın tərkibindəki dəmir və flavonoidlər qan dövranını gücləndirir, orqanizmin oksigenlə təminatını artırır. Dəniz məhsulları, xüsusilə balıq və dəniz yosunları B12 vitamini və omeqa-3 yağ turşuları ilə zəngin olmaqla immunitet sistemini gücləndirir və qan hüceyrələrinin yenilənməsini stimullaşdırır.
Qeyd etmək lazımdır ki, dəmir tərkibli qidalar qəbul edildikdən sonra çay və qəhvə içmək dəmirin sorulmasını azalda bilər. Bu səbəbdən bu içkilərin qəbulu ilə diqqətli olmaq vacibdir.