Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsi Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçib.
Foodinfo.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar. Onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovundan istifadə olunan beş ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya üç min manat məbləğində maddi ziyan vurduqları müəyyənləşdirilib.
Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparır.
Qeyd edək ki, hazırda balıqların kürə verən vaxtı olduğu üçün balıqovlama mövsümü müvafiq dövlət orqanları tərəfindən sentyabradək dayandırılıb. Amma aparılan araşdırmalar zamanı müəyyənləşdirilib ki, körpə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe, restoran və digər ictimai iaşə obyektlərinin sahibləri tərəfindən sifariş edilir. Həmin obyektlərin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, bu hallar təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində DİN Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunauyğun olaraq ciddi tədbirlər görüləcək.
Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edənlərə qarşı da mübarizəni mütəmadi olaraq aparırlar.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.