Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, H.Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quluyev Çərkəz İlham oğluna məxsus heyvan kəsimi məntəqəsində  monitorinq keçirilib. Yoxlama zamanı kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.  Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.