Qış mövsümü təkcə soyuqdəymə və qriplə deyil, eyni zamanda bir sıra ciddi xəstəliklərin kəskinləşməsi ilə də yadda qalır. Aşağı temperatur və həyat tərzindəki dəyişikliklər bəzi hallarda qısa müddətdə həyati təhlükə yaradan vəziyyətlərə səbəb ola bilər. Foodinfo.az Championat-a istinadən xəbər verir ki, terapevt, tibb üzrə fəlsəfə doktoru Oksana Serebryakova qış aylarında təcili tibbi yardım tələb edən beş əsas vəziyyəti sadalayıb.
Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə infarkt və insult riski 30–40 faiz artır. Bunun əsas səbəbi ürəyin işemik xəstəliyinin və arterial təzyiqin qış aylarında daha tez-tez kəskinləşməsidir. Xüsusilə yaşlı insanlar və ürək-damar problemləri olan şəxslər bu baxımdan risk qrupuna daxildir.
Həkim qışda qripin də xüsusi təhlükə yaratdığını bildirib. Bu xəstəlik bəzi hallarda ürək əzələsinin iltihabı, beyin zədələnməsi və ağır sətəlcəm kimi ciddi fəsadlara yol aça bilər. Hamilə qadınlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər qrip zamanı xüsusilə diqqətli olmalıdırlar.
Uşaqlarda isə qış aylarında tez-tez rast gəlinən təhlükəli vəziyyətlərdən biri kəskin obstruktiv bronxitdir. Bu hal bəzən tənəffüsün çətinləşməsi və boğuq öskürəklə müşayiət olunan ağır formaya keçə bilər və təcili tibbi müdaxilə tələb edir.
Mütəxəssis qeyd edib ki, qışda psixoloji vəziyyətin də pisləşməsi müşahidə oluna bilər. Gün işığının azalması və sosial aktivliyin zəifləməsi mövsümi ruh düşkünlüyünü dərinləşdirə, bu da insanların sağlamlığı üçün risk yarada bilər.
Bundan başqa, az hərəkətlilik və qidalanma rejiminin dəyişməsi maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Qanda bəzi maddələrin artması və ya qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi kimi hallar da qış aylarında daha çox üzə çıxır.
Oksana Serebryakova vurğulayıb ki, qış mövsümü əlamətləri görməzlikdən gəlmək üçün səbəb deyil. Onun sözlərinə görə, yüngül görünən simptomlar bir neçə saat ərzində təhlükəli vəziyyətə çevrilə bilər və belə hallarda özünümüalicə əvəzinə dərhal həkimə müraciət etmək vacibdir.






