Heç düşünmüsünüzmü, insanlar şirniyyatı nə üçün bu qədər çox sevirlər? Bu, həm əcdadlarımızdan gələn genlərlə, həm də beynimizdəki kimyəvi maddələrlə əlaqəlidir.
“Live Science” tərəfindən yayımlanan bir məqaləyə görə, elə qədim zamanlardan insan beyni şəkərli qidalara meyillidir. Belə ki, əcdadlarımız qidanı yalnız xoş dadına görə seçirdilər, acı olan şeyləri zəhərli, şirin qidaları isə təhlükəsiz hesab edirdilər. Qədim insanlar yığıcılıqla məşğul idilər və qlükoza ilə zəngin yemək onlar üçün həm də yaxşı enerji mənbəyi idi. Beləcə, insan beyni şirin şeyləri yaxşı qida kimi qəbul etdi və yedikdən sonra bir daha yemək kimi vərdiş yarandı.
Şirin qidalar yediyimiz zaman, beyində mezolimbik dopamin sistemi adlanan sistem aktivləşir. Dopamin neyronların xaric etdiyi kimyəvi bir beyin maddəsidir və insanlarda bir şey haqqında müsbət fikir formalaşmasında mühüm rol oynayır. Beləliklə, sizə təklif olunan çizkeykin yalnız dadına baxmaq qərarına gəlsəniz, bircə dişləkdən sonra daha çox yemək istəyirsiniz.
Şəkər təkcə beynimizə deyil, bədənimizə də mənfi təsir göstərir. Tədqiqatlar göstərir ki, yüksək şəkərli pəhrizdə olan siçovullar müəyyən yerlərdə gördükləri cisimləri görüb-görmədiklərini xatırlamaq imkanına malik deyildilər. Şəkər, həmçinin piylənmə, diabet və ürək xəstəlikləri riskini artırır. Tədqiqatlar nəticəsində sürətli qocalmanın da şəkərlə əlaqəsi sübut edilib.
Növbəti dəfə ən sevdiyiniz deserti yedikcə yemək istəyəndə yadınıza salın: bunu istəyən əslində sizin beyninizdir, mədənizi deyil!