Soğan qədimdən həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunub.

Foodinfo.az xəbər verir ki, onun çiy formada faydaları çox tanınsa da, közdə bişirilmiş soğanın insan sağlamlığına təsirləri bir qədər az məlumdur. Halbuki mütəxəssislər bildirirlər ki, bu üsulla bişirilmiş soğan bir sıra xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Əvvəla, közdə bişirilmiş soğan həzmi yaxşılaşdırır. Onun tərkibindəki təbii liflər və fermentlər mədədə turşuluğu azaldır, bağırsaq hərəkətlərini nizamlayır. Bu səbəbdən həzm sistemi zəif olan insanlara faydalı hesab olunur.

İkinci mühüm təsiri immunitetədir. Soğanın bişmiş halda belə saxladığı antioksidant maddələr orqanizmi virus və bakteriyalara qarşı daha güclü edir. Xüsusilə yay və payız aylarında soyuqdəymə riskini azaltmaq üçün közdə soğan yemək məsləhət görülür.

Ürək-damar sağlamlığına təsiri də diqqətəlayiqdir. Tədqiqatlara görə, bişmiş soğan xolesterinin səviyyəsini tənzimləyir, qan dövranını yaxşılaşdırır və damarların elastikliyini qoruyur. Bu da infarkt və təzyiq problemlərinin qarşısını almaqda köməkçi rol oynayır.

Xalq təbabətində közdə bişirilmiş soğan diş ağrılarında, irinli yaraların sağaldılmasında və öskürəkdə də istifadə olunub. Onun yumşaldıcı və iltihabəleyhinə xüsusiyyətləri sayəsində bədənə həm daxildən, həm də xaricdən müsbət təsir göstərdiyi qeyd olunur.

Bişirildikdə acılığı azalan soğan həm də daha asan qəbul olunur. Bu səbəbdən uşaqlara və yaşlılara da rahatlıqla verilə bilər.

Mütəxəssislər bildirirlər ki, közdə bişirilmiş soğanı gündəlik rasiona əlavə etmək immuniteti gücləndirir və bir çox xəstəliklərin qarşısını almaqda təbii vasitə kimi çıxış edir.