
Qəbizlik müasir dövrdə ən çox rast gəlinən həzm problemlərindən biridir. Çox zaman bu vəziyyət həyat tərzi və qidalanma ilə birbaşa bağlı olur. Foodinfo.az bildirir ki, bəzi qidalar bağırsaqların fəaliyyətini ləngidir və uzunmüddətli istifadədə qəbizliyi daha da artırır.
Əvvəlcə emal olunmuş və hazır məhsullar xüsusi qeyd edilməlidir. Çipslər, paketlənmiş qəlyanaltılar və tez hazırlanan yeməklər lif baxımından çox kasıbdır. Onların tərkibində yüksək miqdarda yağ və duz olduğundan bağırsaq hərəkətlərini zəiflədir.
Ağ çörək və digər ağ undan hazırlanmış məhsullar da qəbizliyin əsas səbəblərindən sayılır. Lif miqdarı azaldığı üçün bu cür məhsullar nizamlı həzmi çətinləşdirir. Xüsusilə gündəlik rasionda tam taxılların əvəzinə tez-tez istifadə olunması problem yaradır.
Çoxlu pendir və süd məhsullarının qəbulu da həzm sisteminə mənfi təsir göstərir. Süd şəkəri olan laktozanın həssaslıq yaratması nəticəsində bəzi insanlarda bağırsaq hərəkətləri zəifləyir. Eyni zamanda yüksək yağlı pendirlər bağırsaqlarda bərkiməyə səbəb olur.
Qızardılmış yeməklər də diqqətdən qaçmamalıdır. Yağlı və ağır yeməklər həzmi ləngidir, bağırsaqlarda yığılmalara yol açır. Bu cür yeməklərin tez-tez qəbulu qəbizliyi artırır.
Qırmızı ətin həddindən artıq istifadəsi də bu problemin yaranmasına şərait yaradır. Ətdə lif az olduğundan, onun çox qəbulu bağırsaqların normal fəaliyyətini pozur. Ət məhsullarını tərəvəz və lifli qidalarla balanslaşdırmaq vacibdir.
Qəhvə və spirtli içkilər isə bədənin susuz qalmasına səbəb ola bilər. Orqanizmdə maye azaldıqda bağırsaqlar daha yavaş işləyir. Ona görə də qəbizlikdən əziyyət çəkən şəxslər kifayət qədər su qəbul etməlidir.
Mütəxəssislər bildirirlər ki, qəbizliyin qarşısını almağın ən yaxşı yolu liflə zəngin tərəvəz, meyvə, paxlalılar və tam taxıl məhsullarından istifadə etməkdir. Gündəlik olaraq kifayət qədər su içmək və fiziki aktivliyi artırmaq da həzm sisteminin sağlam qalmasına kömək edir.