
Qrip və soyuqdəymə adətən qış fəslində daha çox müşahidə olunsa da, yay aylarında da insanların eyni şikayətlərlə həkimə müraciət etdiyi məlumdur. Bəs isti havada niyə qrip oluruq? Foodinfo.az bu sualın cavabını araşdırdı.
Əvvəla, yayda insanların daha çox kondisioner və ventilyatorlardan istifadə etməsi mühüm amildir. Soyuq hava axını ilə isti mühit arasında tez-tez keçid etmək immun sistemini zəiflədir və orqanizmi viruslara qarşı həssas edir. Kondisionerlərin düzgün təmizlənməməsi də bakteriya və virusların yayılmasına şərait yaradır.
Soyuq içkilər və dondurma da yayda sevilən, amma həzm və boğaz sağlamlığına təsir göstərə bilən amillərdəndir. Çox soyuq mayelərin birdən-birə qəbul edilməsi boğaz selikli qişasını zəiflədir və orqanizmi infeksiyalara qarşı müdafiəsiz qoyur.
Yay aylarında qapalı məkanlarda — ticarət mərkəzlərində, ofislərdə və ictimai nəqliyyatda insanların çox toplaşması virusların yayılmasına əlverişli şərait yaradır. Bu, xüsusilə uşaqlarda və immun sistemi zəif olan şəxslərdə tez-tez qripə səbəb olur.
Bundan başqa, isti havalarda kifayət qədər maye qəbul edilməməsi orqanizmin müqavimətini azaldır. Susuz qalan bədən daha tez yorulur və viruslarla mübarizə qabiliyyəti zəifləyir.
Mütəxəssislər bildirirlər ki, yayda qripdən qorunmağın ən yaxşı yolu immuniteti gücləndirməkdir. Bol meyvə-tərəvəz istehlakı, kifayət qədər su içmək, kondisionerlərdən düzgün istifadə və əl gigiyenasına riayət etmək əsas şərtlərdəndir.