Taxıl əkini dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da əkinçilərin əsas məşğuliyyət növlərindən biridir. Taxıl əkinçiliyi əhali üçün xammal, heyvandarlıq üçün isə yem hazırlanmasında dəyərli bir sahədir.
Taxılçılıqda yüksək məhsuldarlığın əldə edilməsi becərilmə texnologiyasını düzgün tətbiq etməkdən asılıdır. Bunun üçün aşağıdakı mərhələlər üzrə işlər görülür:
TAXIL SƏPİNİ QABAĞI TORPAĞIN HAZIRLANMASI
Regionlar torpaq-iqlim şəraiti və sahələrin formalarına görə kəskin fərqlənir. Ona görə də dənli bitkilər bir-birindən kəskin fərqlənən iki şəraitdə – suvarma və dəmyə torpaqlarda becərilir.
Taxıl səpinindən öncə torpaq iki mərhələdə hazırlanır:
Şumlama
Şumlama torpağa təsirinə görə əsas və ən səmərəli əməliyyatdır. Bu prosesdə dönərli kotan ilə torpağın üst qatı 25-30 sm dərinliyində çevrilir, dənəvərləşdirilir, əkin qatı yumşaldılır.
Hamarlama
Şumun üst qatının mala və ya rotorlu toxalarla yumşaldılmasına deyilir. Diskli mala torpağı yumşaldır, səthini hamarlaşdırır, alaq otlarını məhv edir.
TORPAĞIN SƏPİNQABAĞI BECƏRİLMƏSİ HAQDA DAHA ƏTRAFLI OXUMAQ ÜÇÜN BU KEÇİDƏ DAXİL OLUN.
TAXIL SƏPİNİ ZAMANI DÜZGÜN TOXUM SEÇİMİ
Yüksək keyfiyyətli taxıl istehsalını artırmaq üçün regionların torpaq-iqlim şəraitinə uyğun yüksək keyfiyyətli məhsulvermə qabiliyyətinə malik olan sortlar seçilməli və onların əkin sahəsi genişləndirilməlidir.
Respublikamızda taxıl əsasən 2 cür torpaq-iqlim şəraiti – suvarma və dəmyə şəraitində becərilir. Yumşaq buğda bərk buğdaya nisbətən daha dözümlüdür. Bu səbəbdən respublikamızın demək olar ki, bütün regionlarında həm dəmyə, həm də suvarma şəraitində bərk buğda əkilir.
Hər bir bölgənin torpaq-iqlim şəraiti nəzərə alınmaqla əkin üçün sortların düzgün seçilməsi gələcəkdə yüksək məhsuldarlıq əldə edilməsinin əsasını təşkil edir.
Təsərrüfatdan daha çox məhsul əldə etmək üçün Qırmızıgül, Murov-2 və digər yüksək məhsuldarlığa malik buğda sortlarının əkilməsi tövsiyə olunur.
Toxumların keyfiyyət göstəriciləri
Taxıl səpini üçün keyfiyyətli hesab olunan toxumlarda aşağıdakı özəlliklər olmalıdır:
- Ziyanvericilərə və xəstəliklərə yoluxmamış;
- Təmizlənmiş;
- Bərabərləşdirilmiş;
- Tamçəkili;
- Cücərmə qabiliyyəti yüksək;
- Cücərmə enerjisi yüksək.
Toxumlar səpin keyfiyyətinə görə 3 sinfə bölünür:
- Birinci sinif yumşaq buğda toxumlarının hər kiloqramında ən çox 5 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti isə 95%-dən aşağı olmamalıdır;
- İkinci sinifdə hər kiloqram toxumda 25 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti azı 90% olmalıdır;
- Üçüncü sinif toxumların bir kiloqramında 50 alaq toxumu olmasına yol verilir. Cücərmə qabiliyyəti ən azı 90 % olmalıdır.
Taxıl əkini sahələrindən yüksək və təmiz məhsul almaq üçün birinci sinif toxumlar səpilməlidir. Yalnız onlar olmayanda ikinci sinif toxumların səpilməsi mümkündür.
Üçüncü sinfə aid olan toxumların cücərmə qabiliyyəti aşağı olanda fermer məcburdur ki, səpin normasını artırsın. Bu isə sahəyə keyfiyyətli toxumlarla bərabər keyfiyyətsiz, cücərməyən toxumların da əkilməsi deməkdir.
Toxumun təmizliyi dedikdə, ilk növbədə, səpilməyə götürülmüş toxumun içərisində əzilmiş, büzüşmüş, cücərmiş və ya çürümüş toxumlar, başqa bitkilərin toxumları, eləcə də alaq toxumları, küləş qırıntıları, torpaq topacıqları, qum və s. olmaması başa düşülür.
TOXUM SEÇİMİ ZAMANI NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?
SƏPİN
Məhsuldarlığın yüksək olması üçün toxumların zamanında, düzgün və standartlara cavab verən aqreqatdan istifadə etməklə səpilməsi mütləqdir. Səpin əsasən sentyabrın sonundan başlayaraq noyabrın ortalarına kimi intensiv şəkildə davam edir.
Toxum Gaspardo markalı mexaniki toxumsəpən ilə 3 sm dərinliyə basdırılır. Səpinlə bərabər ehtiyaca uyğun ammofos gübrəsinin verilməsi tövsiyə edilir.
SƏPİN ÜSULLARI HAQDA ƏTRAFLI OXUYUN
Taxıl səpini zamanı aşağıdakı nüansları diqqətdə saxlamaq lazımdır:
- Səpini müvafiq zonanın iqlim-torpaq şəraitinə uyğun və əkilən bitki üçün müəyyən edilmiş müddətdə keçirmək;
- Səpin normasına (bir hektara 200-250 kq toxum) əməl etmək;
- Hər yerdə bərabər cücərti almaq üçün toxumları sahələrə düzgün və bərabər səpmək;
- Toxumları müasir və tələblərə cavab verən aqreqatlar vasitəsilə lazımi dərinliyə basdırmaq.
DƏNLİ BİTKİLƏRİN SƏPİN MÜDDƏTİ VƏ SƏPİN NORMALARI HAQDA BURADAN ƏTRAFLI OXUYA BİLƏRSİNİZ
GÜBRƏLƏMƏ
Torpağa gübrələr tətbiq edilmədən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər komponentə ehtiyacı olduğunu bilmək olduqca vacibdir.
Respublikamızın müxtəlif regionlarında fərqli torpaq tipləri olduğu üçün torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühümdür. Bunun üçün əvvəlcə torpaq analiz edilir, tərkibindəki komponentlərin miqdarı və mineral elementlərə ehtiyac müəyyən olunur. Bundan sonra tətbiq olunacaq gübrə miqdarı təyin edilir.
Taxıl əkini sahələrinə üzvi və mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların əlverişsiz iqlim şəraitinə davamlılığını artırır.
Səpin zamanı gübrələmə
Səpin zamanı tətbiq olunan Ammofos gübrəsi bitkinin kök sistemini gücləndirir və məhsuldarlığı artırır. Tərkibindəki azot bitkinin tez böyüməsinə, xlorofilin və proteinin əmələ gəlməsinə kömək edir.
Bundan başqa, 52% fosfor bitkinin enerji mübadiləsi, köklənmənin təşviqi, hüceyrələrdə ATF və ADF sintezinin əsas elementlərindəndir. Belə ki, fosfor kalsium elementi ilə birlikdə kök sisteminin inkişafı, kök təzyiqi və kök həcminin artmağına güclü təsir edir.
Bu dövrdə torpağın ehtiyacından asılı olaraq, şum altına 1 hektar əraziyə 80-200 kq olmaqla 12% azot və 52% fosfor tərkibli ammofos gübrəsi verilməsi tövsiyə olunur.
Kollanma dövründə gübrələmə
Taxılın kollanma dövrü fevral ayının 20-dən mart ayının ilk 10 günlüyünə kimi davam edir. Bu dövrdə sünbüllər hələ formalaşmamış olur.
Kollanma dövründə yemləmə qismində Ammonium-nitrat gübrəsinin tətbiqi sünbülcüklərin sayını artırmaqla sünbülün tam formalaşmasına şərait yaradır. Bu məqsədlə hektara torpağın ehtiyacına görə 60-150 kq 34.4% azot tərkibli ammonium-nitrat gübrəsi tətbiq edilir.
Taxıl boruya qalxdığı dövrdə gübrələmə
Taxılın boruya qalxma dövrü martın son 10 günlüyündən aprelin 1-ci 10 günlüyünədək olan dövrü əhatə edir.
Bu dönəmdə bitki aktiv şəkildə boy atır. Bitkinin artan enerji tələbatını ödəmək və məhsuldarlığı artırmaq məqsədilə taxıl sahələrində torpağın tələbatına görə 1 hektara 40-100 kq olmaqla ammonium-nitrat gübrəsi verilir.
Taxılın sünbüllənməsi zamanı gübrələmə
Sünbüllənmə dövründə kalium çatışmadıqda bitkilərin inkişafı zəifləyir və temperatura qarşı həssas olurlar. Bu zaman taxılın orta və alt yarpaqları ucdan saralmağa, qonurlaşmağa başlayır və məhv olur.
Taxıl becərilməsində keyfiyyətli dənin əldə edilməsi üçün becərilmə şəraiti və torpağın tərkibindən asılı olaraq 1 hektara 100-250 kq 16% azot, 16% fosfor, 16% kalium tərkibli nitroammafos gübrəsi verilməsi və ya 40-120 kq kalium-sulfat gübrəsi tətbiq edilməsi tövsiyə olunur.
Taxılçılıqda gübrələmə prosesi mexaniki-diskli gübrəsəpənlə, açıq sahədə həyata keçirilir. Bu məqsədlə gübrə səpini üçün Gaspardo markalı gübrəsəpən əla seçim ola bilər.
ZƏRƏRVERİCİLƏR VƏ XƏSTƏLİKLƏRLƏ MÜBARİZƏ
Yüksək məhsul almaq üçün sahələrdə yayılan alaqlara qarşı mübarizə aparmaq tələb olunur. Bu işdə səmərəli bitki-mühafizə vasitələrindən – Herbisidlərdən istifadə edilir.
Herbisidlərin sahələrə tətbiq olunması müxtəlif vaxtlarda həyata keçirilir. Herbisidlər payız, qış və ya erkən yazda səpinqabağı, səpinlə birlikdə və səpindən sonra “Gaspardo” markalı dərmansəpən ilə tətbiq edilə bilər.
Herbisidlərin alaqların zəif, həm də herbisidə həssas olan dövründə çilənməsi daha yaxşı nəticə verir.
Herbisidlərin çilənməsi
Taxıl sahələrində herbisidlərin çilənməsi bitkilərin kollanma və ya boruya qalxma mərhələsinin başlanğıcına qədər bitirilməlidir. Taxılçılıqda dərmanlama asılan, çəkilən və ya özüyeriyən qollu dərmançiləyicilər ilə həyata keçirilir.
Vacib məsələlərdən biri də, herbisidlərin hansı temperaturda çilənməsidir. Çiləmə sakit və aydın havada, temperatur 12 dərəcədən yuxarı olduqda və sahələrdə şeh çəkildikdən sonra aparıldıqda yaxşı nəticə verir.
Herbisidlərin növləri
Taxıl sahələrində mart ayının 15-dək enliyarpaqlı alaq otlarına qarşı 1 hektar ərazi üçün 250 litr suya 1.6-2 litr qatılmaqla 2.4 dimetilamin tərkibli “Dagro Fins” və ya “Sunamin” herbisidinin, iynəyarpaqlı alaq otlarına qarşı isə 1 hektara 200-250 litr suya 200 qram qatılmaqla klodinafob-propargil tərkibli “Katsumi” herbisidinin tətbiq edilməsi tövsiyə edilir.
Məftil qurdu, zabrus, uzunburun, sürmə zərərvericilərinə qarşı 1 litr suya 600 qram olmaqla imidakloprid tərkibli vasitə və ya sipermetrin tərkibli “Cyperhard” insektisidi tətbiq edilir.
Noyabr, dekabr və yanvar ayları ərzində isə gəmiricilərə qarşı hektara 1 litr olmaqla lambda sayhalotrin tərkibli “Dagro-Wena” və ya “Kavancha” bitki mühafizə vasitələri istifadə olunur.
Martın 20-dən ayın sonunadək hava isti keçərsə, bitkinin xəstəliklərə yoluxma ehtimalı artır. Bunun qarşısını almaq üçün 1 dəfə hektara 600 qram epoksikonazol tərkibli “Dagrocure” funqisidi tətbiq edilir. 25 gündən sonra isə eyni vasitə təkrar tətbiq olunur.
TAXILIN TAM YETİŞKƏNLİK DÖVRÜ
Taxıl sahəsində bitkilərin yığım dövrünə gəldiyini göstərən başlıca əlamətlər bunlardır:
- Taxıl sahəsində sünbüllər qızıl sarısı rəngini almalıdır;
- Sünbüldəki dənlər sərt olmalı, dırnaqla basdıqda əzilməməli, quru olmalıdır;
- Bitkinin samanı, yarpaqları, sünbülü və dənələri tamamilə qurumuş olmalıdır;
- Sünbülü qoparıb, əlimizə alıb ovxaladığımızda dənlər asanca sünbüldən ayrılmalıdır;
- Tarladakı taxıl bitkiləri eyni nisbətdə quru olmalıdır.
KOMBAYNIN BİÇİNƏ HAZIRLANMASI VƏ TAXILIN YIĞILMASINA HAZIRLIQ
Dənli bitkilərin becərilməsində ən vacib iş məhsulun yığılmasıdır. Bu işdə fermerlərin əsas vəzifəsi məhsulu vaxtında, qısa müddətdə, itkisiz və keyfiyyətli yığmaqdır.
Məhsul yığımının düzgün təşkili üçün yetişdirilmiş məhsul qısa müddətdə “New Holland” markalı kombayn ilə itkisiz yığıla bilər.
Biçinə başlamazdan əvvəl təsərrüfatlarda aşağıdakı hazırlıq işləri görülməlidir:
- Kombaynlar ilk olaraq işlək hala salınmalıdır. Onların tez sınan hissələrindən ehtiyatda saxlamaq məsləhətdir;
- Sahədə yanğına qarşı mübarizə tədbiri üçün taxıl əkinlərinin ətrafı 3-3.5 metr enində zolaq şəklində şumlanmalıdır;
- Xırmanlar təmizlənməli, anbarlar isə təmizlənib dezinfeksiya edilməlidir;
- Avtotərəzilər və qapanlar təmir edilib hazır vəziyyətə gətirilməli, sonra möhürlənməlidir;
- Biçilmiş məhsulun daşınması və qəbulu üçün lazım olan bütün mühasibat sənədləri hazırlanmalıdır;
- Sahələrin biçin qrafiki tərtib olunmalıdır;
- Kombaynlar və taxıl daşıyan nəqliyyat vasitələri - avtomobillər, lafetlər və s. təmir edilməlidir;
- Suvarma şəraitində sahələrə gedən yollar hamarlanmalı, körpülər təmir edilməli və suvarma arxları torpaqla doldurulmalıdır;
TAXILIN SƏPİNDƏN SONRA SUVARILMASI HAQDA ƏTRAFLI OXUYUN
- Sahəni küləşdən tez azad etmək və küləşin keyfiyyəti itməmiş, onu daşımaq üçün küləşpresləyən PS-1.6 maşınları təmir edilməlidir, küləşi bağlamaq üçün kəndir tədarük edilməlidir;
- Məhsulun biçilib daşınması, təmizlənməsi və anbara daşınması üçün cavabdeh şəxs və ya şəxslər təyin olunmalıdır.
Biçin zamanı yaranan küləş 2 formada istifadə olunur:
- Müasir xırdalayıcı ilə təchiz olunmuş kombaynlar ilə biçin zamanı küləş xırdalanaraq əraziyə səpilir. Bu hal torpağı günəş şüalarından qoruyur və gələcək səpin zamanı torpağın yumuşaqlığını təmin edir. Xırdalanmış küləş qısa zamanda fermentasiyaya məruz qalır və bu da torpağın humus qatının keyfiyyətini artırır.
- İkinci halda isə kombaynlar üzərindəki xırdalayıcıdan istifadə olunmur və yaranan küləş qısa zamanda yem üçün ərazidən götürülür.