Madrid Avropa Universitetinin alimləri müəyyən ediblər ki, gün ərzində bir neçə qısa gəzinti ilə müqayisədə bir uzun gəzinti ürək sağlamlığı üçün daha faydalıdır.

Tədqiqatın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub.

Alimlər fiziki aktivliklə bağlı məlumatları təhlil edərək onları ölüm halları və ürək-damar hadisələri ilə müqayisə ediblər. Araşdırmaya gündə orta hesabla 8 min addımdan az yeriyən və tədqiqatın əvvəlində ürək-damar xəstəlikləri və ya xərçəng tarixçəsi olmayan şəxslər daxil edilib.

Təxminən on il ərzində 735 ölüm halı və 3 119 ürək-damar hadisəsi, o cümlədən infarkt və insult qeydə alınıb. Təhlil göstərib ki, yeriş vərdişləri mühüm əhəmiyyət daşıyır. Ən yüksək risk fiziki aktivliyi çox qısa müddətli hərəkətlərlə məhdudlaşan şəxslərdə müşahidə olunub. Beş dəqiqədən az davam edən gəzintilər ölüm hallarının və ürək-damar ağırlaşmalarının daha çox qeydə alınması ilə əlaqələndirilib.

Ən aşağı risk isə müntəzəm olaraq ən azı 15 dəqiqə gəzən iştirakçılarda müşahidə edilib. Bu qrupda ölüm və ürək-damar hadisələrinin nisbəti əhəmiyyətli dərəcədə aşağı olub. Tədqiqat müəllifləri qeyd edirlər ki, bəzi hallarda qısa gəzintilər araşdırma zamanı aşkar edilməyən əsas sağlamlıq problemlərinin nəticəsi ola bilər (lent.az).