Bəzi valideynlər övladlarının bir az kök olmasından sevinsə də, bu hal sonralar müəyyən problemlərə səbəb ola bilər. Mütəxəssislər bildirilər ki, körpələr təxminən doqquz aya qədər çəkini tez artırır. Lakin bu hal normal hesab edildiyindən ciddi problemlərə səbəb olmur. Zamanla uşaq aktiv hərəkət etməyə və arıqlamağa başlayır. Lakin bəzi hallarda yaş artdıqca uşaqların artıq çəkisi valideynləri düşünməyə məcbur edir.
Foodinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşöva AZƏRTAC-a deyib: “Bir sıra vitamin çatışmazlıqları bəzi uşaqlarda çəkidən geri qalmağa, bəzilərində isə çəki artımına səbəb olur. Məsələn, D vitamini çatışmazlığı olan uşaqlarda normal çəkidən geri qalma halları olur. Lakin həmin əlaməti olan bəzi uşaqlar var ki, onlarda doyma hissi olmur”.
Vitamin çatışmazlığından başqa hormonal faktorlar problemləri artıq çəkinin səbəblərindən biri ola bilər. Məsələn, tiroid vəzi, böyrəküstü vəzi xəstəlikləri və s. Buna görə də artıq çəki olan hər uşağın mütləq bir həkim-pediatr tərəfindən dəyərləndirilməsi lazımdır.
Mütəxəssislər uşaqların artıq çəki almaması üçün bəzi məqamlara diqqət yetirməyi məsləhət görürlər. Onlar yemək vaxtının hər gün eyni saatda olması və qidalanma amilini xüsusi qeyd edirlər. Uşaqların sevimli məşğuliyyətlərinin olmasına da diqqət yetirmək vacibdir. Həmin məşğuliyyətlər fiziki aktivliklə və uşağın lazımi qədər hərəkətdə olması ilə müşayiət edilməlidir.
Həkim-pediatr deyib: “Uşaqlar üçün düzgün qidalanma rejimi təyin olunmalıdır. Məsələn, 1 yaşında uşaqların gündə dörd dəfə qidalanması kifayətdir, lakin axşam saat 8-dən sonra yemək və su qəbulu mütləq azaldılmalıdır”.
Mütəxəssislər, həmçinin pəhriz saxlayarkən diqqətli olmağı, bu zaman hər bir uşağa fərdi yanaşaraq onların boy və yaşını nəzərə almağı tövsiyə edirlər. Unutmaq olmaz ki, inkişaf edən uşaq orqanizmi müalicəyə tez tabe olur. Ona görə də uşaqları vaxtında artıq çəkidən azad etməyə çalışmaq lazımdır.