Çobanyastığı sağlamlıq üçün ən çox lazım olan faydalı bitkidir. Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox əhali çobanyastığı çayından istifadə edir. Onun dəmləməsi hər ölkədə ayrı-ayrı xüsusiyyətlərinə görə içilir.
Təkcə xəstələnən zaman deyil, adi vaxtlarda da həftədə 5-6 dəfə çobanyastığı çayı içmək çox faydalıdır. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.
Axşamlar yatmazdan qabaq çobanyastığı çiçəklərini süddə dəmləyib içmək çox xeyirlidir və bu üsul Amerikada daha çox yayılıb.
Çobanyastığı bitkisinin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə edilir. Ölkəmizdə böyük çiçəkləri olan çobanyastığı növləri daha geniş yayılıb. Ondan müxtəlif dəri səpgiləri, diatezlər, dəri ləkələri zamanı və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur.
Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Lakin həmin xəstəlik zamanı 3 ay gündə 4 dəfə çobanyastığı çayı içilməsi daha səmərəli nəticə verir.
Çobanyastığı çiçəyinin spazmolitik təsiri olduğuna görə köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.
Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskin azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlərdə piylənmə əmələ gəlmir, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.
Menstruasiya pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlar üçün faydalı bir çaydır.
Ağız, boğaz yaraları və faringitdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.
Rinit və allergik rinit zamanı, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur, digər burun dəliyindən tökülür və həmin proseduru gündə 2 dəfə etmək lazımdır.
Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş tökülərək gözalmaları yuyulur.
Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.
Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam ocaqda qaynadılır, isti otaqda başı bürüyərək buxarı üzə verilir. Yaxşı olar ki, prosedur gecə yatmazdan əvvəl yerinə yetirilsin.
Yarım litrlik şüşə butulka yarıya qədər çobanyastığı ilə doldurulur, tam dolana qədər üzərinə zeytun yağı tökülür, ağzı bağlanılaraq otaq isidicisinin üstündə 2 həftə saxlanılandan sonra süzülür, çobanyastığı yağı alınır. Həmin yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl onunla dərini masaj edəndə daha təsirli olur. Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir, saç tökülməsi və kəpəklənmə zamanı yuyunmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir. (AZƏRTAC)