Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Kamboca Krallığının Battambanq, həmçinin Küveyt Dövlətinin Əl Cəhra və Əl Ahmədi əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi aradan qaldırılıb. WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, YPQQ xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, zonalaşma prinsipi nəzərə alınmaqla, həmin ərazilərdən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.