İnsanlar mütləq xolesterinli qidalar qəbul edərkən diqqətli olmalıdırlar. Sağlam insanlar əgər bu məsələyə müəyyən qədər səthi yanaşsalar da, sağlamlığında problem yaşayan insanlar xüsusi diqqətli olmalıdırlar.
Xolesterinli qidalar ürəyin fəaliyyətinə necə təsir edir?
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova BAKU.WS-ə bildirib ki, qanda yüksək xolesterol səviyyəsi həqiqətən aterosklerozun əsas səbəblərindən biridir və ürək-damar xəstəliklərinin inkişafını əhəmiyyətli dərəcədə artırır.
Həkimin sözlərinə görə, "yaxşı" xolesterolun hansı anda "pis" olduğunu başa düşmək üçün bədəndə xolesterolun necə əmələ gəldiyini başa düşməliyik.
“Bütün xolesterolun qidadan gəldiyi fikri yanlışdır. Xolesterolun əsas hissəsi bədən daxilində - qaraciyərdə və nazik bağırsaqda istehsal olunur.
Bu proses təxminən 100 müxtəlif zülalın iştirak etdiyi bir neçə mürəkkəb biokimyəvi reaksiyaları əhatə edir. Həddindən artıq xolesterol qan damarlarının divarlarında toplanır və xolesterol lövhələri əmələ gətirir.
Nəticədə damarlar daha sərt və daralır. Belə dəyişikliklərə görə orqanlara qan axını pozulur. Bu isə infarkta səbəb ola bilər”, - deyə professor bildirib.