Manatın devalvasiyasından sonra ölkədə bir çox qida məhsullarının qiyməti bahalaşdı. Son zamanlar isə tərəvəz bazarında qiymət artımı nəzərə çarpmaqdadır. Lakin maraqlısı budur ki, ətin, tərəvəzin qiyməti bahalaşsa da, Bakıda illərdir ki, 1 manata satılan dönərlərin qiyməti dəyişmir. Əksinə, bəzi dönərxanalarda hətta 1 manata dönərlə bərabər ayran da verirlər. 1 manatlıq dönərlər xüsusilə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, tələbələrin daha çox olduğu yerlərdə satılır. Dəfələrlə dönərxanalarla bağlı müxtəlif ekspertlər həyəcan təbili çalıblar. Lakin vəziyyət dəyişməz olaraq qalır. Dönəxanalarda olduğumuz zaman müşahidə etdik ki, əksər dönərçilər heç bir əlcəkdən istifadə etmədən, gigiyena qaydalarına məhəl qoymadan dönər hazırlayıb satırlar. Bir nəfərin çox çətinliklə hərəkət edə biləcəyi genişlikdə olan dönərxanalarda gigiyena qaydalarının pozulması heç də şübhə doğurmur. Ancaq buna baxmayaraq,  dönərçilər bildirirlər ki, onların işləri müvafiq qurumlar tərəfindən yoxlanılır və lazımi sertifikatlarını alıblar. Olduğumuz dönərxanalarda isə bizə sertifikat göstərən olmadı. Söylədilər ki, sənədlər dönərxananın sahibindədir. Dönərçilər isə gündəlik maaşa işləyirlər... Onu da qeyd edək ki,  ötən ilin dekabr ayında Avropa Birliyi (AB) Azərbaycanda dönər və şaurma ətinə əlavə edilən fosfatın qadağan edilməsinə çağırmışdı. Avropa Birliyi rəhbərliyinin əsaslandığı təhqiqatlara görə, fosfatların istifadə olunması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Öz növbəsində dönər hazırlayan  küçə kafelərinin sahibləri AB hakimiyyətinin əleyhinə ittihamlarla çıxış etdilər. Onlar dönər-kabab və şaurmanın əsasən Türkiyədən gələnlərin hazırladığını bildirərək bu qərarın diskriminasiya olduğunu bildirdilər. Həmin vaxt  Bakıdakı dönərxanaların bəzilərində monitorinq apardıq. Dönərçilərimiz heç bu maddənin nə olduğunu bilmədiklərini söylədilər... Eyyub Hüseynov ile ilgili görsel sonucu Hazırda isə “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov da Bakıda yerləşən dönərxanalarda monitorinq aparır. Ekspert bildirib ki, onlar bu monitorinqi apardıqları zaman təzyiqlə üzləşiblər. Həmçinin E. Hüseynov təhlükənin miqyasına da diqqət çəkərək bildirib ki, hazırda ölkədə 15 minə yaxın dönərxana fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti təhlükə mənbəyidir: “Dönərxanalarda mənşəyi məlum olmayan  ətdən dönər satılır. Azərbaycanda dönəri standartlara uyğun hazırlayan iki müəssisə mövcuddur. Bu müəssisələrdə dönərlər təzə ətdən hazırlanır və mənfi 40 dərəcə olmaqla şok dondurmadan keçirilir, bükülür, xüsusi avtomobillər vasitəsilə dönərxanalara çatdırılır. Ona görə şok dondurmadan keçirirlər ki, dönər yeganə bişmiş məhsuldur ki, onun çölü bişən zaman içərisi çiy qalır. Şok dondurma zamanı heyvan mənşəli bakteriyalar, viruslar ölür. Ona görə də yalnız bu cür hazırlanan dönərlər təhlükəsizdir. Qeyri-rəsmi məlumata görə, Bakıda olan 15 min dönərxanadan cəmi 100-ə qədəri bu cür yerlərdən ət alır. Kim haradan, necə gəldi ət alıb, əhaliyə yedirdir. Ona görə də şişə taxılan dönərin içərisi çiy qalır və heyvan xəstəliyi əhaliyə yayılır. Bu problemi Azərbaycanda həll etmək istəyirik. Qanuni dönər hazırlayan müəssisələrin sertifikatları olur. Biz metronun ”Elmlər Akademiyası" stansiyasının yaxınlığında kiçik süjet çəkdik. Orada hücum edib kameranı sındırdılar. Bu zaman gördük ki, dönərxanalar bir çox şirkətlərdən ət alırlar və oradaca çəkib əhaliyə verirlər. Bəzilərində malın sertifikatı var. Ancaq təxminən 70 faizində sertifikat görmədik. Biz onlara qarşı mübarizə aparacağıq. İş aparacağıq ki, 100-lərlə dönər istehsal edən müəssisələr açılsın, onlar şok dondurmadan keçirilsin. Belə olarsa, açıq  rəqabət də olar. Nəticədə iki müəssisə deyil, 10-larla müəssisə olar ki, bu da ümumi işin faydasıdır. 3 il öncə müvafiq qurumlar dönərin standartını hazırlayıb. Həmin standarta uyğun olaraq dönərlər satılmalıdır. Bu işdə gözləyirik ki, bizə Qida Təhlükəsizliyi Agentliyi kömək edəcək". (“Yeni Müsavat”)