Günəş enerjisi ilə işləyən və yolsuzluqda uzun məsafələri enerji doldurmadan qət edə bilən ilk avtomobil Mərakeş və Sahara boyunca 1000 km-lik sınaq gedişini uğurla başa vurub.

Foodinfo.az xəbər verirki, "Stella Terra" adlanan bu iki nəfərlik avtomobil Eyndhoven Texnologiya Universitetinin tələbələri tərəfindən hazırlanıb.

Damında çoxsaylı günəş panelləri ilə təchiz edilən "Stella Terra"  maksimum 145 km/saat sürətə malikdir, cəmi 1,2 ton ağırlığındadır və günəşli gündə azı 710 km məsafə qət edə bilir.

"Solar Team Eindhoven" şirkətinin meneceri Visse Bosun sözlərinə görə, avtomobildə istifadə olunan texnologiya mövcud bazardan on il qabaqdadır.

Avtomobilin daha az günəşli şəraitdə, lakin daha qısa məsafələrdə işləməsinə imkan verən, təkrar doldurula bilən litium-ion batareyası var.

Layihənin arxasında duran tələbələr ümid edirlər ki, onların hazırladığı model böyük avtomobil şirkətlərini ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələri yaratmağa ruhlandıracaq.