Əziz müsəlmanlar!
Dinimizdə mühüm bir qayda vardır. Bu qaydaya əsasən, insanlara ən xeyirli kəs, insanlara ən faydalı olandır. Ticarət adamları da cəmiyyətimizin insanlara ən çox faydası dəyən hissəsidir. Bildiyimiz kimi, hər insan yemək, içmək, geyim kimi ehtiyac duyduğu şeyləri özü şəxsən əldə edə bilmir. Ticarətçi, ölkə ölkə, şəhər şəhər, kənd kənd gəzərək insanların istədiyi şeyi əldə edərək cəmiyyətin istifadəsi üçün təqdim edir. Bununla o həm özü qazanır, həm ölkə iqtisadiyyatına xeyir verir, həm də cəmiyyətin ehtiyaclarını təmin edir. Bu baxımdan, sevimli Peyğəmbərimiz (s.ə.s.) etibarlı və dürüst bir tacirin qiyamət günündə peyğəmbərlərlə, siddiqlərlə və şəhidlərlə birlikdə olacağını mücdələmişdir.
Başqa bir hədisdə isə ticarətlə məşğul olan insanların üzərində olan məsuliyyət bu şəkildə qeyd olunmuşdur: "Ən təmiz qazanc o ticarətçinin qazancıdır ki, danışanda yalan deməz, müştərilərinə xəyanət etməz, vədinə əməl edər, sözündən dönməz. Satmaq üçün aldığı malı daha ucuz qiymətə almaq üçün pisləməz. Satarkən də daha baha qiymətə satmaq üçün malını tərifləməz. Borclarını vaxtında qaytarar, gözlətməz, alacağı ilə bağlı da borclusunu sıxışdırıb çətinə salmaz" (ət-Tərgib, 2/586).
Əziz qardaşlar!
Hər xüsusda olduğu kimi, ticarət xüsusunda da doğruluq, dürüstlük hər bir müsəlmanın şüarı olmalıdır. Bu, Allah-Təalanın "Ey iman edənlər! Allahdan qorxun və doğru olanlarla olun" (Tövbə, 119) əmrinə də uyğundur.
Ticarətində doğru və dürüst olanın üzü həmişə ağ, qazancı halaldır. Qiyamət günü yaxasından yapışan da olmayacaq. O nə dünyada, nə də axirətdə utanmayacaq. Etdiyi yaxşılığın və ibadətinin qarşılığını qat-qat alacaqdır.
Bir dəfə Rəsulullah (s.ə.s.) ərzaq satılan bir dükanda əlini satışda olan taxıl kisəsinin içinə salmış və əlinə yaş taxıl dəymişdi. Satıcıdan bunun səbəbini soruşduqda satıcı belə cavab verir: "Bir az əvvəl yağış yağdı və islatdı. Qarışdırdım və yaş hissəsi alta düşdü". Həzrəti Peyğəmbər (s.ə.s.) bunun cavabında "yaş hissə üstdə qalmalıydı" demiş və əlavə etmişdir: "Bizi aldadan bizdən deyil" (Ruhu'lBəyan, 16966).
İbn Ömər rəvayət edir ki, bir satıcı malını müştərilərə tərifləyirdi. Rəsulullah ona yaxınlaşaraq təriflədiyi malını yoxladı. Malın keyfiyyətinin aşağı olduğunu görüb belə buyurdu: "Hər malı öz dəyərinə görə satmalısan. Bizi aldadan bizdən deyil" (Kəşfu'l-Hafa 2/266).
Əbu Hureyrə südə su qatan bir süd satanı görəndə ona belə demişdi: "Ey bədbəxt! Qiyamət günü sənə "su qataraq satdığın südlərdən bu suyu ayır" deyiləndə nə edəcəksən?".
Sevimli qardaşlarımız!
Dünya malına aldanmadan, halalından qazanıb ailəmizə təmiz ruzi, halal tikə yedirməliyik. Bu fani aləmdə başqaları üçün dünyalıq qazandıra-qazandıra öz axirətimizi bərbad hala salmamalıyıq. Özümüz, sözümüz, ticarətimiz, sənətimiz, ortaqlığımız, dostluğumuz, yoldaşlığımız hər zaman dürüst olmalı, dünyada da, axirətdə də üzümüz qızarmamalıdır.
Xütbəmizi iki ayənin məalı ilə bitiririk:
"Göyü O ucaltdı, tərəzini O qoydu. Ona görə ki, çəkidə həddi aşmayasınız. Tərəzini düz tutun, çəkini əskiltməyin" (Rəhman, 7-9)
"Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri insanlardan aldıqları zaman onu tam ölçüb alar, onlar üçün ölçdükdə və ya çəkdikdə isə əskildərlər. Məgər onlar diriləcəklərini düşünmürlərmi? Özü də dəhşətli bir gündə?! O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar" (Mutəffifin, 1-6)
(İslam.az)