Azərbaycanda müasir texnologiya ilə kömür hazırlayan müəssisə açılır
Azərbaycan mətbəxində kabablara sevgi bir başqadır. Qonaqlıq, istirahət, toy və s. olanda isə süfrədə çox vaxt kabab olur. Hətta turizm bölgələrində qonaqlara ən çox təklif olunan yemək də kababdır. Bəs kabab nə ilə bişirilir? Adətən, kömürlə. Kömür isə odundan hazırlanır. Kabab nə qədər çox bişirilirsə, deməli, o qədər də odun yandırmaq lazım gəlir.
Elə Bakı şəhərində də küçələrdə addımbaşı kömür satışı ilə rastlaşırıq. Əvvəllər, ölkədə qazlaşdırma aşağı səviyyədə olduğu üçün insanlar ağacları kəsib isinmə üçün istifadə edirdilər. İndi əksər regionlarda qazlaşdırma aparıldığı üçün meşələr qış aylarında istilik üçün qırılmır. Amma əvəzində indi kababxanaların sayı-hesabı yoxdur. Və bu kababxanalar da hər gün qalxan kömür tüstüsüdür. Daha doğrusu, təbii oksigenimizə vurulan "od"un tüstüsü. Maraqlıdır, kömür istehsalı meşə təsərrüfatına bu gün nə qədər ziyan vurur? Çünki hazırda bizdə kömür istehsal edən qanuni müəssisə yoxdur və bu iş kor-koranə şəkildə aparılır. Yəni kömür istehsalı meşə brakonyerlərinin inhisarındadır. Onlardan isə təbiətə qarşı mülayim rəftar gözləmək yersizdir. Meşə təsərrüfatının qorunması isə ölkəmiz üçün önəmli məsələdir. Çünki Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Bu isə təbii ki aşağı göstəricidir.
Ağaclar kəsilir, meşə fondu azalır
Ekoloq Günay Məmmədova deyir ki, kömür istehsalı meşə fonduna ziyan vurur və Azərbaycan bu məsələdə xüsusilə diqqətli olmalıdır: "Dünyanı demirəm, Azərbaycanda olan meşə fondu əvvəllər ildən-ilə azalırdısa, hazırda aydan-aya azalma gedir. Bu, heç də yaxşı nəticə deyil. Düzdür, ölkədə ağac əkilməsi də aparılır, amma bəzən görürsən ki, əkildiyi kimi qalıb, heç böyüməyib. O ağaclara baxılma, suvarılma aşağı səviyyədədir. Yəni ağacları tək əkmək yox, həm də baxmaq lazımdır. Meşə fondunun qorunmasına dünya ölkələri səviyyəsində diqqət çoxdur. Bizdə təəssüf ki, bu, heç də elə deyil. İnsanlar bu haqda çox da düşünmürlər. Ona görə, meşə fondumuz artıq təhlükədədir. Düzdür, Zaqatalada bir xeyli ərazi əhatəyə alınıb, qorunur, orda müxtəlif növ ağaclar var, amma bu bəs etmir".
G.Məmmədovanın sözlərinə görə, kömür istehsalının təbiətə vurduğu ziyanın qarşısını almaq üçün insanların düşüncəsini dəyişməyə müvəffəq olmalıyıq: "Kömür iki üsulla hazırlanır. Birincisi, dədə-baba üsulu ilə, yəni ağacı sındırıb alovda yandıraraq, digəri isə xüsusi ekoloji təmiz maşınlarla. Düzdür, ikincinin hazırlanması prosesinin təbiətə digəri ilə müqayisədə daha az ziyan vurduğu deyilir. Ancaq hər ikisində ağac kəsilir, hər iki halda kömür yandırılanda havaya toksinlər buraxır. Kömürün hazırlanması üçün ağaclar kəsilir, meşə fondu azalır. Bütün bunların nəticəsində isə ən əsas, ekoloji problem olan havada oksigenin miqdarının azalması gedir. Biz insanları məcbur edə bilmərik ki, kömür hazırlayıb istifadə etmə. Belə deyər ki, öz həyətimin ağacını kəsib kömür edirəm. Ekologiyaya münasibətin dəyişməsi üçün həm də insanların düşüncəsini dəyişməliyik. Mümkünsüz olduğunu demirəm, amma insanlara çatdırmaq lazımdır ki, ağaclar tükənir, kömür əldə etmək üçün ağacların kəsilməsi təbiətə ziyan vurur".
Ekoloq bildirdi ki, təbiəti qorumaq üçün insanlar özləri də əllərindən gələn qədər köməklik göstərməlidirlər: "Düzdür, kabab mətbəximizin sevimli yeməyidir, ancaq biz bu yeməyin bişirilməsini azalda bilərik. Bayramlarda, ad günlərində, hansısa xüsusi günlərdə bişirməklə kifayətlənsək, yaxşı olar. Bütün toylarda kabab verilməsi vacib deyil. Bu kimi işlər kömür istehsalının azalmasına səbəb olacaq. Uşaqlarımıza təbiəti qorumağı öyrətməliyik. Çünki bu yaşlardan maarifləndirmənin olması çox vacibdir. Biz insanlar öz ağciyərimizi qoruduğumuz kimi, dünyanın da ağciyəri olan meşələrimizə də həssas yanaşmalıyıq. Çünki ağacların tükənməsi oksigenin tükənməsidir, bu isə insanlığın sonudur. Bir də bilməliyik ki, ağaclar da öləndə və ya kəsiləndə ağlayırlar, sadəcə biz onları eşitmirik".
Kömür Rusiyadan, Ukraynadan idxal olunur?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirdi ki, restoranlar, şadlıq sarayları əsasən digər ölkələrdən idxal olunan, standartlara riayət edilərək hazırlanan kömürlərdən istifadə etməkdə maraqlıdırlar: "Böyük marketlərdə görə bilərsiniz ki, kisələrdə kömür satılır. O kömürlər Rusiyadan, Ukraynadan idxal olunur. Həmin kömürlər çox yaxşıdır və bizdəki kimi primitiv şəkildə yandırmaqla hazırlanmır. Azərbaycanda qanuni şəkildə, işin standartlarına riayət etməklə kömür istehsal edən müəssisə yoxdur. Əsasən ayrı-ayrı şəxslər bu işi görürlər. Onlar da primitiv şəkildə və təmizliyə riayət etmədən odun yandıraraq hazırlayırlar. Bu zaman daha çox odun yandırılır və daha az kömür əldə edilir. Üstəlik də, insanlar özlərinə zülm edirlər. Kömürü o üsulla hazırlayarkən əldə etdikləri gəlirin üstünə pul qoyub həkimə getməli olurlar. Rusiyadan gətirilənlər isə sobalarda, xüsusi texnologiya ilə hazırlanır. Onlarda itki də az olur. Və restoranlarımız bu gün onlardan istifadə etməyə maraqlıdırlar. Çünki belə kömür daha çox qalır, tez külə dönmür. Yanma prosesində ətrafa verdiyi zərər də az olur".
A.Qaraşovun sözlərinə görə, meşənin içərisində ağacların kəsilib kömür hazırlanması halı yoxdur: "Ancaq kəndlərimiz var ki, vətəndaşlar öz həyətlərində, bələdiyyənin fond torpaqlarında kustar üsulla kömür hazırlayırlar. Onlar da sırf meşələrdən qırılıb gətirilmə ağaclardan deyil, payızda ağaclar budanması nəticəsində əldə edilən odunlardan hazırlayırlar. Və bir neçə kəndlər var ki, meşə sahələrindən də günün müxtəlif saatlarında, əsasən də gecə vaxtlarında oğurluq edirlər. Oğuz, Zaqatala, İsmayıllı, Masallının meşələrə bitişik kəndlərində belə hallara daha çox rast gəlinir. Əsasən qadınlar, yetkinlik yaşında olan uşaqlar bunu edirlər. Atla, eşşəklə daşına biləcək ağırlıqda ağacları oğurlayıb həyətlərində kustar üsulla kömür hazırlayırlar. Bundan başqa, həmin rayonlarda budama işlərindən də kömür hazırlanmasında istifadə edirlər. Məsələn, Qəbələ, Oğuz, Zaqatala, Balakən, İsmayıllı, Qax tərəflərdə yığımdan sonra fındıq ağacları budanır. Həmin odunlar əvvəllər təndirlərdə çörək bişirmək üçün istifadə olunurdu, amma indi kənd yerlərində təndirə çörək bişirənlər də azdır. Ona görə, budanma nəticəsində əldə olunan odunları həyətdə yandırıb kömür edib satırlar".
Xüsusi texnologiyadan istifadə olunacaq
Nazirlik nümayəndəsi bildirdi ki, Azərbaycanda standartlara riayət etməklə kömür istehsalına başlanır: "Bizdə qanuni kömür istehsalı yoxdur. Oğuz və İsmayıllı rayonlarında iki şirkət bu məsələ ilə bağlı nazirliyə müraciət edib və biz bu ildən onlara icazə vermişik. Ekspertiza sənədləri, rəyləri, texniki parametrlərini toplayıblar. Oğuzda artıq bununla bağlı quraşdırma işləri gedir. Yaxınlarda qanuna müvafiq olaraq həmin sobalar vasitəsilə kömür hazırlanacaq, paketlənib satışa çıxarılacaq. Onlar meşənin ağaclarını kəsməyəcəklər, quru tör-töküntü hesabına bunu edəcəklər. Orda xüsusi texnologiyadan istifadə olunacaq və bu texnologiya əsasında havaya tüstü buraxılmayacaq, vakuum şəraitində alışma nəticəsində kömürə dönəcək. Dünyanın hər yerində olan praktikadır. Onu bir şirkət edəcək, effekti yaxşı olsa, biz bunu genişləndirə bilərik ki, vətəndaşların bu işi primitiv şəkildə görmələrinin, həm sağlamlıqlarına, həm də ətrafa vurduqları ziyanın qarşısını alaq".
A.Qaraşov qeyd etdi ki, belə problemin qarşısını almaq üçün mətbuat da öz dəstəyini göstərməlidir: "Mətbuat da bu işdə nazirliyin yanında olmalı, insanların maarifləndirilməsinə çalışmalıdır. Çünki insanlar ətraf mühitlə yanaşı, ən böyük ziyanı öz sağlamlıqlarına vururlar. Kömür hazırlayan qadınlar, yetkin yaşlarda olan uşaqlar böyük ziyan çəkirlər. Bu ziyanı, onların dərilərinin necə yanmasından bilmək olur. Bunlarla bağlı insanlar maarifləndirilməlidir. Kəndlərin ziyalıları, bələdiyyə sədrləri, ərazi nümayəndələri və s. hər kəs bu işlə mübarizə aparmaq üçün dəstəyini əsirgəməməli, vətəndaşlara bunun yanlış olduğunu izah etməlidirlər".
Yeməklərə dad verən kömür deyil
Maraqlıdır, kababı bişirmək üçün mütləq kömürdən istifadə etməliyik? Bunun üçün hər hansı alternativ varmı? Azərbaycan Milli Kulinariya Mərkəzinin (MKM) baş direktoru Tahir Əmiraslanov deyir ki, təbiəti qorumaq istəyən ölkələr bunun üçün alternativ tapmalıdırlar: "Yeməklərə dad verən kömür deyil, burda başqa şeylər var. Ona görə, kömürün verdiyi temperatur ölçülməli və həmin temperaturu verə bilən alternativ yaradılmalıdır. Bunun üçün də elmi-tədqiqat institutları olmalıdır. Azərbaycanda isə bu sahədə iş görən elmi-tədqiqat müəssisələri yoxdur. Dünya ölkələrinə belə alternativ lazım da deyil, çünki onlarda kabab bizdəki qədər bişirilmir, üstəlik, meşələri də var. Qafqaz ölkələrində kabab çox bişirilir. Azərbaycanda toyxanalar səhərdən axşama kimi kabab bişirirlər. Gecə vaxtı şəhər tüstü-dumanın içində olur. Tək bu deyil, ölkədə qida sahəsi üzrə bir çox problem var. Nazirlər Kabinetinin qərarına görə, 1991-ci ildən belə bir tədqiqat kompleksi yaradılmalı idi, amma yaradılmayıb. Yaradılanda bu haqda danışacağıq". (Kaspi)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı