Karantin müddətində insanları narahat edən məsələlərdən biri də bütün günü ev şəraitində qalmaqdan dolayı yaranan artıq çəkidir. Yəni heç bir məşğuliyyət tapmayan insanlar gündə normal dozadan artıq qida qəbul edir, tez-tez acır, hərəkətsiz qalır ki, bu da öz növbəsində yağlanmaya səbəb olur. Belə olan halda hamını düşündürən suallar ortaya çıxır: Karantin müddətində necə qidalanım ki, kökəlməyim? Məni nə tox tuta bilər və immun sistemim necə güclü olar?
Foodinfo.az xəbər verir ki, bu kimi suallarla bağlı həkim-dietoloq Tutu Zeynalova Modern.az-a açıqlamasında evdə qalmağın yediklərimizi tanımaq üçün əla fürsət olduğunu bildirib: “Son günlərdə mənim ən çox aldığım suallardan və insanları narahat edən məsələlərdən biri də budur ki, “karantin müddətində evdə qaldığımız üçün artıq çəki alırıq”. Təbii ki, burada stress faktoru var. Yəni insanlar stressə bağlı olduğu üçün daha çox yemək yeməyə başlayır, hətta bəziləri də bütün gün bekarçılıqdan yediyini deyir. Bundan əlavə yuxu rejimimiz pozulduğu və gecə saatlarında yeyib yatanların çox olduğu üçün təbii ki, artıq çəki problemi bu dövrdə qaçılmaz kimi görünür. Amma əslində evdə qalmağımız bizim üçün bir çox şeyi gözdən keçirmək üçün də avantajlı bir zamandır. Belə ki, bu müddətdə özümüzə daha çox zaman ayıra bilərik. Yəni yediklərimizi tanımaq üçün müxtəlif maraqlı məlumatlar əldə etmə baxımından əla məqamdır, hansı qidanın hansı orqana faydası var, bu haqda bilgilər əldə edə bilərik. Mətbəximizi, qida rasionumu dəyişmək üçün əlverişli zamandır. Evdə qaldığımız müddətdə immuniteti gücləndirmək üçün protein qaynağı mütləqdir. Belə ki, yumurta, həftədə ən azı iki dəfə balıq, qırmızı ət, toyuq əti qida rasionumuzda olmalıdır. Təbii ki, söhbət təbii qidalardan gedir, yəni toyuq dedikdə brolleri nəzərdə tutmuram. Bundan əlavə bol tərəvəz qəbul etməliyik. Tərəvəzlərin isə rənginə fikir vermək lazımdır. Yəni çalışmalıyıq ki, istifadə etdiyimiz tərəvəzlər daha rəngarəng olsun, çeşid çoxluğu ilə yüksək miqdarda vitamin qəbul edək. Həftədə ən azı iki dəf paxlalılar sinfindən olan qidalardan istifadə etməliyik”.
Dietoloq onu da əlavə edib ki, yuxusuzluq da bizim artıq çəki almağımıza səbəb ola bilir: “Qidalanmada çay süfrəsinə də önəm vermək lazımdır. Şiniyyatlardan, əlavə qidalardan istifadə etmək olmaz. Çay süfrəsində şirniyyat əvəzində az miqdarda quru meyvə istifadə etmək olar. Gün rəzində iki dəfədən çox kofe içməmək və bol maye qəbul etmək lazımdır. Bütün bunlardan ən önəmlisi həm də yuxu rejiminə fikir verməkdir. Çünki yuxussz qaldığımız zaman melaxonik hormonumuz aşağı düşür bu da xoşbəxtlik hormonumuzun səviyyəsini aşağı saldığı üçün biz daha çox yemək və şirniyyat ehtiyacı hiss edirik. Buna görə də çalışaq ki, gecə 12:00-04:00 arası yataq ki, sonradan artıq çəki problemi yaşamayaq. Fiziki aktivliyimizi evdə qalmışıq deyə, azaltmaq olmaz. Hazırki vaxtda fitnes blogerlərin çoxu onlayn dərs keçirlər, onları izləyib dərslərə qoşulmaq olar. Evdə idman aləti yoxdursa ən azından gündə yarım saat mahnı qoşub rəqs etmək da yaxşı təsir edər”.