Bal çox faydalı məhsul sayılsa da, hər kəs üçün uyğun deyil. Foodinfo.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux balın güclü allergen olduğunu və buna görə bir yaşına qədər uşaqlara verilməsinin qəti qadağan edildiyini bildirib. Onun sözlərinə görə, hətta digər qidalara allergiyası olan uşaqlar üçün balı üç yaşına qədər rasiona daxil etməmək daha təhlükəsizdir.

Mütəxəssis əlavə edib ki, balın tərkibində Clostridium botulinum bakteriyasının sporları ola bilər və bu, körpələrdə botulizmə səbəb ola bilər. Yetkinlər və immun sistemi inkişaf etmiş uşaqlar üçün bu risk adətən təhlükəli olmasa da, körpələrdə ciddi fəsadlara gətirə bilər. Kaşux valideynlərə bal əvəzinə meyvə püreləri, giləmeyvə smuziləri və quru meyvələrdən istifadə etməyi məsləhət görüb.

Digər tərəfdən, dietoloq, tibb elmləri namizədi Yelena Solomatina balın şəkər baxımından adi siropdan fərqlənmədiyini qeyd edib. Onun sözlərinə görə, insulinin müqaviməti olan, diabet və ya piylənmədən əziyyət çəkən insanlar üçün bal təhlükəli ola bilər.

Mütəxəssis vurğulayıb ki, sağlam insanlar da balı həddən artıq qəbul etməməlidirlər. Gün ərzində 1–2 çay qaşığı kifayət edir və bu miqdarda bal həm faydalı təsir göstərə, həm də orqanizmə əlavə yük yaratmadan şirin ehtiyacını ödəyə bilər.