Karib dənizində yerləşən və 16,000 əhalisi olan Angilya adası süni intellekt bumu fonunda ".ai" internet domeni sayəsində təxminən 30 milyon dollar qazana bilər.
Foodinfo.az xəbər verir ki, Adlar və Nömrələrin verilməsi üzrə İnternet Korporasiyası (Internet Corporation for Assigned Names and Numbers - ICANN) tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq, ".ai" domenini əldə etmək istəyən hər kəs onu Angilya hökumətindən almalıdır.
İlon Maskın "xAI" şirkəti, eləcə də "Google", "Microsoft" kimi şirkətlər və çoxsaylı startaplar artıq ".ai" domenlərini əldə ediblər.
1990-cı illərdən bəri Angilya adından domeni idarə edən Vins Keyt qeyd edib ki, ".ai" qeydiyyatı son bir ildə təxminən iki dəfə artaraq 287 432-yə çatıb. Keytin proqnozuna görə, təkcə bu il ".ai" domeninin populyarlığı Angilyaya qeydiyyat rüsumlarından 30 milyon dollar qazandıra bilər. Son illərdə adanın ÜDM-nin 288 milyon dollar olduğunu nəzərə alsaq, bu, böyük bir gəlir hesab oluna bilər.