Meyvə tinglərinin, əsasən, noyabrda, yarpaq töküləndən, yəni vegetasiya dövrü dayandıqdan sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.       
Milli.Az xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Gülnarə Məmmədova bildirib. O, meyvə ağaclarına necə qulluq göstərilməli olduğunu da qeyd edib: "Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul (5 qr sabun və 250 qr kül) hazırlanmalı və 1litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır. Meyvə bağlarına qulluq mart ayında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvü və mineral (fosfor və kalium ) gübrələr verilməlidir.  Ağaclar bar verdikdən sonra zəifləyir. Ona görə payız mövsümündə üzvü və gübrələri verdikdən sonra suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir". G.Məmmədova meyvə ağaclarının calaq edilməsi ilə bağlı tövsiyələrini də verib:"Meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq mütləq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır".