Ağıllı qurğular dövründə "Microsoft" şirkəti süni intellektə malik bel çantası konsepsiyasını təqdim edib.
Foodinfo.az xəbər verir ki, müvafiq patent üçün hələ 2023-cü ilin may ayında müraciət olunsa da, qərar ABŞ Patent və Ticarət Nişanları İdarəsi tərəfindən bu yaxınlarda təsdiqlənib.
Sözügedən bel çantası sadəcə dəb aksesuarı deyil. O, kamera, mikrofon, dinamik və şəbəkə interfeysi ilə təchiz olunub, ətrafdakı obyektləri tanıya, kontekstli tapşırıqları yerinə yetirə, buluddan məlumat ala və digər cihazlarla əlaqə saxlaya bilir.
Yeniliyin mahiyyəti ondan ibarətdir ki, bel çantası əl altında olan rəqəmsal köməkçi funksiyasını yerinə yetirir. Məsələn, konsert afişasının qarşısında dayanaraq, bel çantasından təqvimə xatırlatma əlavə etməyi xahiş edə bilərsiniz.
Yaxud mağazada olarkən "ağıllı çanta"dan malın qiymətini öyrənmək və digər mağazalardakı qiymətlərlə müqayisə aparmaq olar.