Yaponiyanın "KOYOJU Plywood" şirkəti ofisdə qısamüddətli istirahət üçün yeni cihaz - "Zürafənap" ("Giraffenap") yuxu kapsulunu təqdim edib.
Foodinfo.az xəbər verir ki, o, insanın ayaq üstə dayanaraq dincəlməsi üçün nəzərdə tutulub. "Zürafənap" adı isə zürafələrin ayaq üstə yatmaq qabiliyyətindən ilhamlanaraq seçilib. Kapsul işçilərin tez istirahət edib, yeni güclə işə davam etməsi üçün yaradılıb.
Kapsul iki versiyada mövcuddur: dəbli "Spacia" və taxta "Forest" . Hər iki modelin eni və dərinliyi 1.2 m, hündürlüyü isə fərqlidir.
Kapsulun içərisində bədənin müxtəlif hissələri üçün dayaqlar var ki, bu da rahat qısamüdedətli yuxunu təmin edir. Araşdırmalar göstərir ki, bu vəziyyətdə insan yüngül yuxu mərhələsinə tez keçir və dincəlmiş, gümrah oyanır.
Kapsulun içərisində şarj cihazları üçün USB portları, ventilyator və hava təmizləyiciləri də var. Şirkət 2023-cü ilin sonuna qədər satışa başlamağı planlaşdırır.