Səbəbsiz kilo itkisi yaxşı əlamət deyil. Ani arıqlama sağlamlıq problemlərinin olduğunu göstərir.

Foodinfo.az xəbər verir ki, endokrinoloq Yuliya Vereina səbəb olmadan arıqladıqda mütəxəssisə müraciət etməyi məsləhət görür.

Onun sözlərinə görə, səbəbsiz çəki itkisi hipertireoz, metabolik sindrom və diabet kimi metabolik pozğunluqlar fonunda müşahidə olunur.

Hipertireoz və ya tireotoksikoz qalxanabənzər vəzinin funksiyaları pozulduğu, yəni daha çox tiroid hormonu istehsal olunduğu hallarda  yarana bilər. Bu zaman metabolik proses güclənir və insan birdən-birə arıqlayır.

Bu proseslərlə yanaşı, insan nevrozdan daha tez-tez əziyyət çəkməyə başlayır, narahatlıq hissi artır, həddindən artıq emosional olur, yuxu pozğunluğu və aritmiya müşahisə olunur.

Bundan əlavə, səbəbsiz kilo itkisi ciddi iltihablı bağırsaq xəstəliklərinin əlamətidir. Belə patologiyaları olan insanlar iştah və doyma mexanizmlərinə mənfi təsir göstərən xüsusi hormonal pozğunluqlarla qarşılaşa bilərlər. Nəticədə, onlar qidaya marağı itirir, uzun müddət aclıq hiss etmir və daha az yeməyə başlayırlar.

Həkim xəbərdarlıq edib ki, əgər məşq etmədən, pəhriz saxlamadan bədən çəkisi 5%-dən çox azalırsa və nəticədə səhhətiniz pisləşirsə, mütəxəssisə müraciət etmək lazımdır.